“Volkswagen”də tarixi dəyişiklik: 4 zavodun bağlanması gündəmdədir | Banco.az

“Volkswagen”də tarixi dəyişiklik: 4 zavodun bağlanması gündəmdədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Volkswagen”də tarixi dəyişiklik: 4 zavodun bağlanması gündəmdədir.

Banco.az xəbər verir ki, Almaniya hökumətinin sözçüsü tərəfindən verilən açıqlamada bildirilib ki, hökumətin “Volkswagen” şirkətinin zavodları bağlamamasına yönəlmiş məqsədləri var. Bununla belə, vurğulanıb ki, yekun qərar kommersiya əsasları ilə şirkətin özünə məxsusdur.

Çinli rəqiblərin təzyiqi, ABŞ-ın gömrük rüsumları və Avropa üzrə tələbin azalması səbəbindən çətin dövr keçirən “Volkswagen”in Almaniyadakı dörd zavodunu bağlamağı və işdən çıxarmaların sayını 100 min nəfərə qədər artırmağı nəzərdən keçirdiyi bildirilir.

Sənaye tarixində ən böyük yenidənqurma addımlarından biri ola biləcəyi qeyd edilən bu proses, hazırda durğunluq yaşayan Almaniya iqtisadiyyatını canlandırmağa və ictimai rəy sorğularında müşahidə olunan geriləmə meylini dəyişməyə çalışan federal hökumət üçün yeni risklər yaradır.

Məsələ ilə bağlı münasibət bildirən hökumət sözçüsü deyib: “Məqsədimiz Almaniyadakı istehsal müəssisələrinin bağlanmasının qarşısını almaqdır. Buna nail olmaq üçün zəruri rəqabət mexanizmləri də daxil olmaqla, düzgün çərçivə şərtləri formalaşdırılmalıdır. Bu müəssisələrin gəlirli fəaliyyətini davam etdirməsinə imkan verəcək təşviqlər təqdim olunmalıdır. Lakin prinsip etibarilə belə qərarların kommersiya əsasları ilə qəbul edilməsi hər zaman şirkətlərin öz məsuliyyətidir”.

Şirkətin hələ rəsmi şəkildə ictimaiyyətə açıqlamadığı bu planların, ilk növbədə həmkarlar ittifaqları və “Aşağı Saksoniya” əyalət rəhbərliyi tərəfindən ciddi müqavimətlə qarşılanacağı gözlənilir. Qeyd olunur ki, “Aşağı Saksoniya” “Volkswagen”in ikinci ən böyük səhmdarıdır.

Almaniya federal hökumətinin “Volkswagen”də hər hansı payı yoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram