Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu | Banco.az

Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu

Ölkənin maliyyə bazarında innovativ addımları ilə seçilən "Unicapital İnvestisiya Şirkəti" ASC rəqəmsal xidmətlərin optimallaşdırılması və müştəri məmnuniyyəti istiqamətində daha bir mühüm yeniliyə imza atdı. Şirkət SİMA yeni nəsil rəqəmsal imzanın biometrik imzalama həllini tətbiq edən ilk investisiya şirkəti oldu.

Yeni inteqrasiya ilk mərhələdə UForex-onlayn hesab açılışı zamanı tətbiq ediləcək. Bu həll sayəsində onlayn müraciət edən şəxsin həqiqətən də imza sahibinin özü olub-olmadığı “SİMA İmza”nın xüsusi süni intellekt və biometriya texnologiyası vasitəsilə anında dəqiqləşdiriləcək.

Proses tamamilə şəffaf şəkildə, cəmi 3 addımda və bir neçə saniyə ərzində baş tutur:

  1. Biometrik eynilik yoxlanışı: Süni intellekt vasitəsilə müraciət edən şəxsin üz cizgiləri analiz edilir;
  2. Canlılıq testi: Sistem hər hansı foto və ya video təsvirdən istifadə cəhdlərinin qarşısını alaraq, prosesdə iştirak edən şəxsin real və canlı olduğunu təsdiqləyir;
  3. Anında imzalama: Eyniləşdirməsi uğurla başa çatan şəxslərin imza prosesi tamamlanır və hesab aktivləşir.

Bu yenilik Unicapital-ın rəqəmsal transformasiya strategiyasının, xüsusilə KYC (Müştərini Tanı) sisteminin tətbiqi istiqamətində atılan önəmli bir addımdır. Şirkət, istifadəçi təhlükəsizliyini və rəqəmsal güvən faktorunu ön planda saxlamaqla prosesləri daha da sürətləndirməyə və müştərilərinə çevik investisiya təcrübəsi təqdim etməyə davam edəcək.