Müəllif:Mehin Qasımova,Banco.az
"SpaceX" şirkəti "Starship" meqa-raketinin 14-cü sınaq uçuşunu həyata keçirməyə hazırlaşır.
Banco.az xarici mediaya istinadən xəbər verir ki, şirkət sınaq uçuşu zamanı üçüncü nəsil "Starlink V3" peyklərinin ilk partiyasını orbitə çıxarmağı planlaşdırır.
Missiya çərçivəsində 26 "Starlink V3" peykinin orbitə yerləşdirilməsi nəzərdə tutulur. Bu peyklərin SpaceX-in təxminən 10 min peykdən ibarət Starlink internet şəbəkəsinin genişləndirilməsinə xidmət edəcəyi bildirilir.
Şirkət eyni zamanda Starship-in yuxarı mərhələsini ilk dəfə Yer orbitinə çıxarmağa cəhd edəcək. Uçuş uğurla başa çatarsa, bu, Starship-in ilk kommersiya xarakterli Starlink missiyası olacaq.
Qeyd edək ki, "SpaceX" bundan əvvəlki "Starship" sınaq uçuşunda ilk V3 Starlink peyklərini orbitə çıxarmışdı. Həmin peyklər raketin peyk buraxılışı imkanlarını sınaqdan keçirmək məqsədi daşıyırdı və təxminən 20 dəqiqə sonra Yer atmosferinə daxil olaraq yanmışdı.
"SpaceX" gələcəkdə hazırda istifadə etdiyi "Falcon 9" və "Falcon Heavy" raketlərini "Starship" ilə əvəz etməyi planlaşdırır. Şirkət bunun üçün Starship proqramına milyardlarla dollar investisiya yatırıb.
Şirkətin rəhbəri İlon Mask isə daha əvvəl Starship-in yuxarı mərhələsinin buraxılış qülləsi vasitəsilə tutulması imkanının sınaqdan keçirilə biləcəyini bildirsə də, son açıqlamalarında bu planın 14-cü uçuş üçün həyata keçirilməsinin ciddi risk yaradacağını qeyd edib.
