Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ilkin emalının maliyyələşdirilməsi ilə bağlı yeni hüquqi mexanizmin tətbiqi nəzərdə tutulur.
Bunun üçün fermerlərə və kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə edən digər şəxslərə elektron formada məhsul şəhadətnaməsi buraxmaq imkanı veriləcək.
Banco.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni – “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, məhsul şəhadətnaməsi – məhsulun istehsalı və ya ilkin emalı məqsədilə borclu tərəfindən elektron qaydada buraxılan, öhdəliyin icrasını təmin edən elə bir təminatlı qiymətli kağızdır ki, borclu həmin qiymətli kağızda göstərilmiş qaydada məhsulu və ya pul məbləğini mübahisəsiz qiymətli kağızın mülkiyyətçisinə təhvil-təslim aktı əsasında vermək və ya çatdırmaq öhdəliyini götürəcək.
Mülkiyyətində, istifadəsində və ya icarəsində kənd təsərrüfatı təyinatlı torpaqlar olan şəxslər əkinçilik sahəsində məhsul şəhadətnaməsi buraxa bilərlər.
Əgər kənd təsərrüfatı təyinatlı torpaqlar iki və daha çox şəxsin ümumi mülkiyyətində, istifadəsində və ya icarəsindədirsə, onlar məhsul şəhadətnaməsini birgə buraxır və məhsul şəhadətnaməsi ilə bağlı öhdəliklərin icrası üçün birgə məsuliyyət daşıyacaqlar.
Məhsul şəhadətnaməsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımi qaydada icra edilmədikdə təminata Mülki Məcəllə və “İcra haqqında” Qanuna uyğun olaraq tutma yönəldilə bilər.
Əgər məhsul şəhadətnaməsinin təminatının satışından götürülən məbləğ məhsul şəhadətnaməsinin mülkiyyətçisinin tələbini ödəmək üçün yetərli deyildirsə və tərəflərin razılaşmasına əsasən başqa qayda nəzərdə tutulmamışdırsa, məhsul şəhadətnaməsinin mülkiyyətçisi çatışmayan məbləği Mülki Məcəllə və “İcra haqqında” Qanuna uyğun olaraq borclunun başqa əşyasından almaq hüququna malik olacaq.
