Müəllif:Mehin Qasımova,Banco.az
Apple-ın ilk qatlanan smartfonu olan "iPhone Duo"nu təqdim etməsi texnologiya dünyasında geniş müzakirələrə səbəb olub.
Şirkətin əsas rəqiblərindən olan "Samsung" isə Apple-ın qatlanan smartfon bazarına gec daxil olduğunu bildirərək sosial şəbəkələrdə rəqibini ələ salıb.
Banco.az xəbər verir ki, şirkətin məsul şəxsi Apple-ın yeni cihaz təqdimatından sonra X sosial şəbəkəsində bir sıra istehzalı paylaşımlar edib.
Şirkət paylaşımlarından birində “Hələlik yeni bir şey yoxdur” ifadəsini işlədərək, uzun illərdir müxtəlif formatlarda qatlanan smartfonlar istehsal etdiyini xatırladıb.
Məşhur dil öyrənmə platforması Duolingo da sosial şəbəkələrdə yayılan zarafatlara qoşulub və iPhone Duo-nun adı ilə bağlı yumoristik paylaşım edib.
Samsung: “Kopyalamaq ən böyük tərifdir”
Duolingo-nun paylaşımından sonra Samsung Apple-ın qatlanan smartfon ideyasını rəqibindən götürdüyünü də istehza ilə bildirib.
"Samsung Canada" bununla bağlı Galaxy Z Fold8 smartfonunun nümayiş olunduğu xüsusi video yayımlayıb. Videoda “təqlidin ən böyük tərif olduğu” fikri vurğulanıb.
"Samsung Philippines" isə şirkətin qatlanan cihazlar bazarında artıq səkkiz illik təcrübəyə malik olduğunu qeyd edib.
Qeyd edək ki, "Samsung" ilk qatlanan smartfonu olan "Galaxy Fold" modelini 2019-cu ildə təqdim etmişdi.
Yeni "iPhone Duo" ilə bağlı müzakirələr təkcə "Samsung"un paylaşımları ilə məhdudlaşmayıb.
İnternetdə yayılan ilk görüntülərdə cihazın 7,6 düymlük daxili ekranında nəzərəçarpacaq qat izi olduğu diqqət çəkib. Bu məqam istifadəçilər və texnologiya həvəskarları arasında müzakirələrə səbəb olub.
Bununla yanaşı, istifadəçilər cihazın ekranında tətbiq edilən animasiyaların və vizual keçidlərin olduqca uğurlu olduğunu qeyd edirlər.
Apple-ın qatlanan smartfon bazarına daxil olması bu seqmentdə rəqabətin daha da güclənəcəyini göstərir. "Samsung"un sosial şəbəkələrdəki reaksiyası isə iki texnologiya nəhəngi arasında rəqabətin yeni mərhələyə keçdiyini nümayiş etdirir.
