Rusiya Trampın "enerji atəşkəsi" təklifinə cavab verib | Banco.az

Rusiya Trampın "enerji atəşkəsi" təklifinə cavab verib

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı təklifinin konkret addımlarla dəstəklənməli olduğunu bildirib.

Banco.az xəbər verir ki, Zaxarova Yekaterinburqda keçirilən Beynəlxalq Gənclər Festivalı çərçivəsində keçirdiyi brifinqdə məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, əsas məsələ enerji atəşkəsi ilə bağlı səsləndirilən bəyanatların real addımlara çevrilməsidir. Zaxarova Rusiyanın əvvəlki atəşkəs razılaşmalarına əməl etdiyini iddia edib və eyni fikri Ukrayna tərəfi barədə söyləməyin mümkün olmadığını bildirib.

Zaxarova həmçinin İsveçrənin Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar üçün uyğun ölkə olmadığını bildirib. Onun sözlərinə görə, İsveçrə xarici siyasətdə neytrallığını itirib və Rusiyaya qarşı mövqe nümayiş etdirir.

Rusiya XİN sözçüsü NATO ölkələrinin Ukraynada və Ukraynadan kənarda silah istehsalı müəssisələri yaratdığını da bildirib. O, Rusiyaya qarşı hərbi təhdid yaradan obyektlərin Moskva tərəfindən qanuni hərbi hədəf hesab ediləcəyini deyib.

Zaxarova Litvanın nüvə silahları ilə bağlı konstitusion məhdudiyyətləri aradan qaldırmaq planlarının Rusiyanın təhlükəsizliyinə təhdid yaratdığını və Moskvanın buna uyğun cavab verəcəyini bildirib.

O, Macarıstanın rusiyalı diplomatların ölkədən çıxarılması qərarına da münasibət bildirərək, Budapeştin bu addımına müvafiq cavab veriləcəyini açıqlayıb.

Ermənistandakı Rusiya hərbi bazasının gələcəyi ilə bağlı suala cavab verən Zaxarova isə Rusiya hərbi kontingentinin Ermənistanda ikitərəfli müqavilələr əsasında yerləşdiyini bildirib. Onun sözlərinə görə, Moskva bu müqavilələrə əməl etməyə hazırdır və Yerevanın da eyni yanaşmanı nümayiş etdirəcəyinə ümid edir.

Zaxarova həmçinin Hörmüz boğazının blokadasını qəbuledilməz adlandıraraq, bunun beynəlxalq hüququn pozulması olduğunu bildirib.