Rabitəbankın mobil bankçılığında hansı yeniliklər gözlənilir? - Müsahibə | Banco.az

Rabitəbankın mobil bankçılığında hansı yeniliklər gözlənilir? - Müsahibə

Texnologiyanın inkişafı və onun digər sahələrə inteqrasiyası prosesləri daha da sürətlənməkdədir. Bu həm şirkətlər, həm müştərilər üçün əlavə vaxt qazandırır. Banklar da bu məqsədlə öz xidmətlərini rəqəmsallaşdırmaq istiqamətində işlər görürlər. Bank xidmətlərin rəqəmsallaşması və bu zaman istifadəçilərin üzləşdiyi problemlərdən, bunların həlli yollarından Rabitəbankın mobil tətbiqi üzrə məhsul meneceri Günay Fətəliyeva Banco.az-a müsahibə verib:

Rəqəmsal bankçılıq banklara və onun müştərilərinə hansı üstünlükləri qazandırır?

İlk növbədə onu deyə bilərəm ki, rəqəmsal bankçılıq bütün ənənəvi bankçılıq əməliyyatların rəqəmsallaşmasıdır. Rəqəmsal bankçılıq sistemi müştəriyə vaxt itkisinə yol vermədən, çox uzun növbələr gözləmədən, rahat şəkildə bank xidmətindən istifadə imkanı yaradır. Digər tərəfdən banklar isə uzun növbələri gözləməyən müştərilərin itkisi ilə üzləşmir. Proseslər daha sürətli şəkildə həyata keçdiyindən bank daha çox müştəriyə xidmət göstərə bilir.

Azərbaycanda rəqəmsal bankçılığın real vəziyyəti necədir?

Rəqəmsal bankçılıq bütün bank sisteminin və funksiyaların rəqəmsallaşması deməkdir. Azərbaycanda bu sahə inkişafın ilkin mərhələsindədir. Ölkəmizdə rəqəmsal bankçılğı bir neçə qrupa bölmək olar: internet bankçılıq (onlayn bankçılıq), mobil bankçılıq və proses sistemləri.

Ölkəmizin əhalisinin 80%-dən çoxunun internetdən istifadə etməsi və ölkə banklarının tarixinin bir o qədər çox olmaması əslində bank sisteminin rəqəmsallaşmaya keçidini daha da sürətləndirir. Chris Skinner (Fintech) bir məqaləsində dediyi kimi rəqəmsal bankçılığın inkişafı məhz bank sisteminin yeni olduğu ölkələrdə daha tez həyata keçirilə bilər. Çünki bu ölkələrdə banklar bir neçə yüz illik tarixə malik deyillər. Köhnə üsulla işləyən banklara nəzərən yeni sistemlə yaranan banklar yeni xidmətləri daha tez tətbiq edə bilirlər. Buna görə də deyə bilərəm ki, ölkəmizin rəqəmsallaşma tendensiyası kifayət qədər sürətli və uğurlu davam etməkdədir.

Rəqəmsal bankçılığın inkişafında hansı problemlər var və bunun həll yollarını nədə görürsünüz?

Bu istiqamətdə bir neçə problemlərdən bəhs etmək olar.  Bu problemlərdən biri İT sahəsində peşəkar insan kapitalının çatışmazlığıdır. Digər problemlərdən biri isə texnoloji yeniliklərin, ayrılan investiyaların həcmindən asılı olmayaraq cəmiyyət tərəfindən qəbuludur ki, bu da arzuolunan operativliklə baş vermir. Bu vərdişlərin formalaşması bəzən uzun zaman alır. Nəzərə alsaq ki, hal-hazırda ənənəvi bankçılığın əksər istifadəçiləri orta yaş üzərindədir, sözügedən maneələr bu prosesi bir qədər ləngidir.

Bu növ problemlərin həll yolları isə stimullaşdırıcı kampaniyaların keçirilməsi və bank-maliyyə savadlılığının artırılması istiqamətində maarifləndirmə tədbirləri ola bilər. Əlbəttə, bu prosesdə əsas işlərdən biri marketoloqların öhdəsinə düşür. Çünki rəqəmsallaşma ilə bağlı əhalinin məlumatlandırılması və təşviqi sırf bu mərhələdə önə çıxır.

Digər problem bank tətbiqlərində Uİ/UX, yəni dizayn problemləri olur, istifadəçilərin tam rahatlığı nəzərdə tutulmur.

Rabitəbank bu istiqamətdə hansı addımlar atıb və gələcəkdə daha hansı yeniliklər gözlənilir?

Qısa zamanda Rabita Mobile mobil tətbiqi bankın rebrendinqinə uyğun olaraq təkmilləşdirilib. Bir çox innovativ funksionallıqlar əlavə edilib. Bunlara nümunə olaraq, kart vasitəsilə ödənilən hesabın dostlar arasında alman üsulu ilə bölüşdürülməsi, dostdan mobil nömrə və ya keçid linki vasitəsilə vəsait istənməsi, xərclərin statistikası, nağdlaşdırma limitinin izlənilməsi, həm ödənişlərdə, həm də bank xidmətlərində şablonların yaradılması və s. kimi əməliyyatları göstərmək olar.

Hal-hazırda bizim əsas hədəfimiz mobil bankçılığı daha da inkişaf etdirməklə bütün növ əməliyyatları mobil tətbiqə keçirməkdir. Məsələn: sürətli pul köçürmələrinin mobil tətbiqə inteqrasiyası, kredit sifarişlərinin onlayn platforma üzərindən qəbul olunması və işlənməsi, müxtəlif növ arayışların təqdim edilməsi, təmassız ödənişlərin mobil tətbiq vasitəsi ilə yerinə yetirilməsi və s.  Eyni zamanda, Mərkəzi Bankın inkişaf planına uyğun olaraq ANİ ödənişlərin mobil tətbiqə inteqrasiyası və  məsafədən hesab açılması (RİS) üzrə işlər aparılır. Qeyri-maliyyə xidmətlərini veb versiya və mobil tətbiqə inteqrasiyası, səsli idarəetmənin tətbiq edilməsi, süni zəkanın proseslərə tətbiqi və inkişafına diqqət yetiririk.

Ən sərfəli kredit üçün müraciət et

Bankın  müştəriləri texnoloji yeniliklərlə bağlı daha çox hansı problemlərlə üzləşirlər?

Hər hansı bir texniki xətanın baş verməsi və ya profilaktik işlərin aparılması zamanı bir çox istifadəçilər çevik xidmətə alışdıqları üçün mobil tətbiqin istifadəsinə demotivasiya olurlar. Digər problem isə istifadəçilərin bir çox halda mobil tətbiqin funksionallığı haqqında məlumatın olmamasıdır. Belə halların aradan qaldırılması üçün müştərilərə funksionallıq haqqında profilaktik bildirişlər göndərməyə səy göstəririk.

Bankın mobil bankçılığından istifadə edən müştərilərin sayı nə qədərdir?

Dünyada yayılan COVİD-19 pandemiyası səbəbi ilə müştərilər məsafədən olan bank xidmətlərinin mobil tətbiq üzərindən aparılmasına maraq göstərir. Nəticədə istifadəçi sayı kəskin artıb. Hal-hazırda aktiv müştəri sayı Android platforması üzrə 55.300, iOS platforması üçün olan tətbiqetmənin istifadəçi sayı isə 6380 qədərdir.

Bankın rəqəmsal xidmətlərində ən çox hansı əməliyyatlar istifadə olunur?

Əməliyyatların rəqəmsal strategiyamızı nəzərə alaraq 2019-cu ilə nisbətən 2020-ci il ərzində kart, hesab üzrə köçürmələr, ölkədaxili və ölkəxarici köçürmələr, kommunal ödənişlər, dövlət qurumlarına aid olan ödənişlər əhəmiyyətli dərəcədə artıb.

Sizin və həmkarlarınızın Rabita Mobile-da ən çox istifadə etdiyi funksiyalar hansılardır?

Hər birimizin qarşılaşa biləcəyi çətinliklərdən biri odur ki, kollektiv ilə hər hansı bir məkanda ödəniş zamanı hesabın necə bölüşdürülməsidir. Bu problemləri aradan qaldırmaq üçün *Hesabı böl* funksiyası yaradıldı. Yəni, 1 nəfər Rabitəbank müştərisi ödənişi edir və mobil tətbiq vasitəsi ilə həmin funksiyadan istifadə edərək hesabı lazımi şəxslərin əlaqə nömrələri vasitəsi ilə bölüşdürür. Əgər müvafiq şəxslər Rabita Mobile istifadəçiləridirsə, onlara bu barədə bildiriş gedir. Əks halda isə mobil nömrələrinə SMS vasitəsi ilə ödəniş üçün keçid linki göndərilir. Digər bank kartlarının istifadəçiləri heç bir komissiya ödəmədən bu üsulla ödənişlərini bölüşdürürlər.

Gündəlik həyatda digər çox istifadə etdiyimiz funksiya isə *Dostdan pul istə* funksiyasıdır. Hər birimizin üzləşə biləcəyi hal olaraq marketlərdə ödəniş zamanı yetəri qədər vəsaitin olmamasıdır. Bu zaman Rabita Mobile üzərindən bütün sosial kanallar vasitəsi ilə, dostdan istənilən bank kartından, yenə də 0% komissiya ilə pul istəmək mümkündür. İşləmə prinsipi isə yuxarıda qeyd olunan əməliyyatla oxşardır. Bu funksiyanın özünəməxsusluğu istifadəçi üçün anlaşılan olmasıdır.

Yeni yaradılan lakin çox istifadə olunan digər əməliyyat isə mütəmadi aparılan kartdan-karta köçürmə əməliyyatının “Sevimlilər” bölməsində təkrarlanmasıdır. Hər dəfə kart məlumatlarını daxil etmədən, yalnız məbləğ göstərilməklə bu əməliyyatları çox asanlıqla təkrarlamaq mümkündür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram