"PAŞA Bank" ASC gələn ay "Bakı Fond Birjası" QSC-də yerləşdirməyi planlaşdırdığı yeni səhmlərin ilkin qiymətini nominal dəyərindən (20 manat) 2,75 dəfə çox - 55 manat müəyyən edib.
Bu barədə Bankdan bildirilib.
Məlumata görə, 932 926 ədəd adi, adlı səhmə abunə yazılışı (İlkin Kütləvi Təklif -IPO) aprelin 13-də başlayacaq və mayın 12-nə qədər davam edəcək. Səhmləri əvvəlcədən elan edildiyi kimi yalnız fiziki şəxslər deyil, həm də hüquqi şəxslər ala bilərlər. Səhmlərin alınması "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, ABB və yaxud digər tərəfdaşların platformaları, mobil tətbiqləri, o cümlədən "PAŞA Bank"ın mobil tətbiqi vasitəsilə mümkün olacaq. Eyni zamanda hər kəs "PAŞA Bank" və "Kapital Bank" ASC-nin filial şəbəkəsi vasitəsilə də səhmləri əldə edə biləcək.
Minimum alış 1 səhm olmalıdır. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5 % faiz gəliri hesablanacaq.
Yerləşdirmə tam baş tutsa, "PAŞA Bank"ın nizamnamə kapitalı 18,659 milyon manat artaraq 354,512 milyon manatdan 373,171 milyon manata çatacaq. Yeni investorlar Bankın səhmlərinin 5 %-nə sahib olacaqlar.
report
