Müəllif: Tamara Mustafayeva, Banco.az
Palma yağı ilə soya yağı arasındakı qiymət fərqi son 2,5 ilin ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, qlobal bitki yağları bazarında diqqətçəkən qiymət fərqlənməsi müşahidə olunur. Palma yağı soya yağı ilə müqayisədə son iki ilin ən yüksək endirimi ilə ticarət olunur. Analitiklərə görə, bu vəziyyət bazarda yeni tələb dinamikasının formalaşmasına zəmin yaradır.
“Bloomberg”in məlumatlarına əsasən, soya yağı ilə palma yağı arasındakı qiymət fərqi hər ton üzrə təxminən 390 dollara çatıb. Bu göstərici 2023-cü ilin oktyabrından bəri qeydə alınan ən yüksək fərq kimi dəyərləndirilir. Nəzərə alsaq ki, ötən il bu fərq orta hesabla 99 dollar səviyyəsində idi, hazırkı ayrışmanın kifayət qədər kəskin olduğu aydın görünür.
Bu qiymət fərqinin arxasında iki əsas amil dayanır. Soya yağı qiymətləri ilin əvvəlindən etibarən artım tendensiyası nümayiş etdirir. Bu artıma ABŞ-da bioyanacaq kvotalarının artırılacağına dair gözləntilər və Hindistanla bağlanan ticarət razılaşmasının tələbi gücləndirəcəyi ehtimalı təsir göstərib. İran müharibəsi fonunda enerji qiymətlərinin yüksəlməsi də bioyanacaqlara marağı artıraraq soya yağı qiymətlərini dəstəkləyib.
Digər tərəfdən, palma yağı bazarında daha zəif mənzərə müşahidə olunur. İndoneziya və Malayziyadan yüksək təklif gözləntiləri, eləcə də əsas alıcı ölkələrə ixracın azalması qiymətlərə təzyiq göstərib. Malayziyanın 1–20 aprel tarixlərini əhatə edən dövrdə palma yağı ixracı əvvəlki ayla müqayisədə 26 faiz azalıb. Bu azalmada Hindistan, Çin və Yaxın Şərq ölkələrinə göndərişlərin azalması əsas rol oynayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
