“OpenAI” ilə müqavilədən sonra “Getty Images” şirkətinin səhmləri 200% bahalaşıb | Banco.az

“OpenAI” ilə müqavilədən sonra “Getty Images” şirkətinin səhmləri 200% bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OpenAI” ilə müqavilə imzalanması xəbərindən sonra “Getty Images” şirkətinin səhmləri 200% artıb.

Banco.az xəbər verir ki, “Getty Images Holdings Inc.”ın “OpenAI” ilə lisenziya müqaviləsi bağladığını açıqlamasından sonra şirkətin səhmləri bazaröncəsi əməliyyatlarda təxminən 200 faiz bahalaşıb.

“Getty Images” bazar günü yaydığı açıqlamada öz arxivindəki şəkillərin “ChatGPT”nin axtarış və kəşf funksiyalarında istifadə olunacağını bildirib. Bu, şirkətin fəaliyyət strategiyasında mühüm dəyişiklik kimi qiymətləndirilir.

Şirkət müqavilənin maliyyə şərtləri və “Getty Images”ə məxsus şəkillərin gələcəkdə “OpenAI” modellərinin təlimində istifadə olunub-olunmayacağı barədə ətraflı məlumat açıqlamayıb.

“Getty Images”in səhmləri ilin əvvəlindən etibarən “OpenAI” və digər süni intellekt şirkətlərinin bazardakı mövqeyini zəiflədə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən ciddi dəyər itirmişdi. Şirkətin səhmləri bu il ərzində təxminən 55 faiz ucuzlaşaraq cümə günü 61 sent səviyyəsində bağlanmışdı.

Süni intellekt texnologiyaları artıq olduqca real görüntülər yarada bilir və bu texnologiyaları inkişaf etdirən şirkətlərlə məzmun istehsalçıları arasında dəfələrlə mübahisələr yaşanıb. “Getty Images” ilkin mərhələdə bu texnologiyaya qarşı mövqe sərgiləmiş, öz süni intellekt əsaslı görüntü yaratma alətini hazırlamağa çalışmış və digər məşhur görüntü generatorunun yaradıcısı olan “Stability AI” şirkətinə qarşı məhkəmə iddiası qaldırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram