Azərbaycanın sığorta bazarında beynəlxalq kvalifikasiya modelləri tətbiq edilə bilər | Banco.az

Azərbaycanın sığorta bazarında beynəlxalq kvalifikasiya modelləri tətbiq edilə bilər

Azərbaycanın sığorta bazarında beynəlxalq kvalifikasiya modelləri tətbiq oluna bilər.

Banco.az  xəbər verir ki, bunu "Chartered Insurance Institute"un (CII) baş icraçı direktoru (CEO) Metyu Hill XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi institut dünyanın müxtəlif ölkələrində fərqli təşkilatlarla tərəfdaşlıq şəraitində fəaliyyət göstərir: "Həmin təşkilatların bir çoxunun analoqları Azərbaycan bazarında da mövcuddur. Bu, CII üçün çox həyəcanverici bir dövrdür. Çünki dünya üzrə institutlar və təşkilatlarla strateji tərəfdaşlıqlar qurmaq yanaşmamızı daha çevik etmək üçün fəaliyyət modelimizi müasirləşdirməyə çalışırıq. Bununla yanaşı, hesab edirəm ki, Azərbaycanda da dərhal tətbiq oluna biləcək bir sıra modellər mövcuddur. Məsələn, BƏƏ-dəki Maliyyə İnstitutu ilə qurduğumuz uğurlu əməkdaşlığı qeyd edə bilərəm. Orada institut Mərkəzi Bankın hədəfləri çərçivəsində insan kapitalının inkişafını sürətləndirməyə çalışır. Biz də həmin institutun fəaliyyətinə dəstək vermək üçün onunla yaxından əməkdaşlıq edir, genişmiqyaslı peşəkar təlimlərə və kvalifikasiya proqramlarına çıxışı təmin edirik".

M.Hill əlavə edib ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən müəssisə və institutlarla tərəfdaşlıq qurmağın yüzlərlə fərqli yolu var: "Hesab edirəm ki, CII olaraq biz peşəkarlığın inkişafına böyük önəm veririk və bu dəyərləri bölüşən hər bir tərəfdaşla əməkdaşlığa hazırıq. Bizim üçün ən vacib məsələ isə dünyanın müxtəlif ölkələrində tanınmağımıza səbəb olan ciddi yanaşmanı və yüksək keyfiyyət reputasiyasını qoruyub saxlamaqdır".

report