Mərkəzi Bank tərəfindən maliyyə sisteminin dayanıqlığının təmin olunması özəl sektorun resurslarının səfərbər edilməsinə töhfə verir.
Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantısı çərçivəsində islam maliyyəsi üzrə 20-ci Qlobal Forumda bildirib.
“Son üç il ərzində biz bank sektorunda normativ bazamızı təkcə mühasibat uçotunun ən yeni standartlarına keçid kimi ənənəvi istiqamətlərdə deyil, həm də bazar davranışı, ESG və digər yeni sahələrdə modernləşdirmişik.
Kapital bazarında da qüvvədə olan qanunvericiliyə bir sıra dəyişikliklər edilib. Reytinq agentlikləri haqqında qanun, törəmə maliyyə alətləri haqqında qanun, vençur kapitalı haqqında qanun, kraudfandinq haqqında qanun və digər qanunlar da daxil olmaqla, bir neçə yeni qanun layihəsi artıq hazırlanaraq hökumətə təqdim edilib”, — deyə o bildirib.
Ş.Mahmudzadə qeyd edib ki, sığorta bazarında da normativ baza modernləşdirilib. Onun sözlərinə görə, icbari sığorta məhsullarını tənzimləyən demək olar ki, bütün qanunlar yenidən işlənib, onların bir hissəsi isə artıq hökumətə təqdim olunub.
Trend
