03 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən dörd bankında 30 gün müddətinə, 6.42% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Qeyd edək ki, ilk dəfə cari ilin 11 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilib. Bu günə bu məqsədlə 5 depozit hərracı keçirilib və 3 milyard manat vəsait banklara depozit kimi yerləşdirilib.