Müəllif:Mehin Qasımova,Banco.az
Azərbaycanda hazırlanmaqda olan kriptoaktivlərlə bağlı qanun layihəsinə əsasən, bu sahədə fəaliyyət göstərmək istəyən bütün təşkilatlar Azərbaycan Mərkəzi Bankından müvafiq lisenziya əldə etməli olacaqlar.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, lisenziya almaq istəyən təşkilatlar üçün ciddi və əhatəli tələblər müəyyənləşdirilib. Bu tələblərə cavab verməyən qurumların bazarda fəaliyyət göstərməsinə icazə verilməyəcək.
F.Tofidi bildirib ki, lisenziya əldə edən şirkətlərin fəaliyyəti də daimi nəzarətdə saxlanılacaq. Bu nəzarətin əsas istiqamətlərindən biri çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qarşısının alınması olacaq.
"Kriptoaktivlər və kripto bazarı maliyyə sektorunda innovasiyaları sürətləndirsə də, eyni zamanda müxtəlif risklər də yaradır. Mərkəzi Bankın əsas məqsədi innovativ həllərin inkişafını dəstəkləməklə yanaşı, maliyyə sisteminin sabitliyini və təhlükəsizliyini təmin etməkdir.Bu yanaşma həm hazırlanmaqda olan qanun layihəsində, həm də gələcəkdə qəbul ediləcək normativ hüquqi aktlarda öz əksini tapacaq"
