Kimlər işsizlikdən sığorta haqqı ala bilər? | Banco.az

Kimlər işsizlikdən sığorta haqqı ala bilər?

Müəllif: Hüquqşünas, Şəhriyar Həbilov

01 yanvar 2018-ci ildən etibarən artıq ilk dəfə olaraq Azərbaycan Respublikasında müəyyən kateqoriya şəxslər işsizlikdən sığorta ödənişi alaraq işsiz qalacaqları dövrü kompensasiya etmiş olacaqlar. Yeni qanuna görə yalnız aşağıda göstərilən iki kateqoriya şəxslər işsizlikdən sığorta ödənişi almaq hüququna malik olacaqlar.

  1. dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi
  2. işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş işçilər

 

Göründüyü kimi öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilən şəxslər üçün işsizlikdən sığorta ödənişi verilməsi nəzərdə tutulmamışdır. Bununla yanaşı diqqət yetirilməli digər vacib məqam yuxarıda göstərilən iki kateqoriya şəxslər “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata alınmış olmalıdır.

Qanuna əsasən bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı iki il ərzində 9 aydan artıq ola bilməz. Bu müddət işsizlikdən sığorta haqqı almaq barədə ilk müraciətdən sonrakı birinci il üçün 6 ay, ikinci il üçün isə 3 ay olmaqla müəyyən edilmişdir. Qeyd etmək mümkündür ki, şəxsə təyin olunan işsizlikdən sığorta ödənişi yalnız qanunda müəyyən olunmuş hallarda (yeni işə başladıqda, pensiyaya çıxdıqda, ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunduqda, hərbi xidmətdə olduqda və s) dayandırıla bilər.

İşsizlikdən sığorta ödənişi almağın qaydası barədə bildirdikdən sonra işsizlikdən sığorta ödənişinin məbləği barədə məlumat verilməsini zəruri hesab edirik.

Məlum olduğu kimi işçilərin ixtisarı ilə əlaqədar Əmək Məcəlləsinə edilmiş yeni düzəlişlərdə işçinin stajı əsas götürülür. İşsizlikdən sığorta ödənişi verilərkən də eyni qaydada işçinin stajı mühüm əhəmiyyət kəsb etməkdədir. Həmçinin sığorta ödənişi məbləği hesablanarkən işçinin itirilmiş orta aylıq əmək haqqı məbləği də əsas hesab olunur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək mümkündür ki, işsizlikdən sığorta ödənişi məbləğinin üç növü vardır.

  1. əsas sığorta ödənişi. (bunu aşağıda izah edəcəyik)
  2. sığorta ödənişinə əlavə. Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) şəxslərin əsas sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır. Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinin bu əlavəni almaq hüququ var.
  3. Minimum sığorta ödənişi. Bu məbləğ ikinci il üçün müraciət olunan zaman 3 ay müddətinə və minimum əmək haqqı məbləğində (hazırda 2018-ci il 01 yanvar tarixindən etibarən 130 AZN) müəyyən edilir.

İşsizlikdən əsas sığorta ödənişinin məbləği ilkin müraciət zamanı birinci il üçün 6 ay ərzində aşağıdakı qaydada müəyyən olunur.

  1. işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – orta aylıq əmək haqqının...

       a)işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faizi

       b)sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faizi

       c)sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faizi ödənilir.

      2. işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – minimum sığorta ödənişi məbləğində.

Yekunda isə qeyd etmək mümkündür ki, sığorta ödənişi almış şəxsə növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay sığorta stajı tələb olunur.