Müəllif: Şəbnəm İbrahimxəlilova, Banco.az
Kiçik biznes subyektləri üçün bank xidmətləri gündəlik maliyyə əməliyyatlarının həyata keçirilməsində mühüm rol oynayır. Hesablaşmalar, kreditlər, POS-terminallar və digər bank xidmətlərinin şərtləri sahibkarların xərclərinə və fəaliyyət imkanlarına birbaşa təsir edir. Bankların biznes müştəriləri üçün təqdim etdiyi xidmətlər və tariflər isə fərqlənir. Bəs kiçik biznes sahibləri bank seçərkən hansı məqamlara diqqət etməlidirlər və bank xidmətlərinin şərtləri biznesin inkişafına necə təsir göstərir?
Bank eksperti Asif İbrahimov Banco.az-a bildirir ki, kiçik biznes üçün bank seçimi sadəcə hansı bankdan kredit götürmək məsələsi deyil. Bu, birbaşa biznesin xərclərinə, pul dövriyyəsinə və qazancına təsir edən qərardır.
“Sahibkar bank seçərkən yalnız kredit faizinə yox, bankın bütün xidmətlərinə görə nə qədər pul ödəyəcəyinə baxmalıdır. Hesabın açılması və aparılması, pul köçürmələri, nağd pul çıxarılması, POS-terminal, onlayn bankçılıq, kredit və digər xidmətlər üçün ödənilən bütün komissiyalar sonda sahibkarın xərcinə çevrilir. Bizdə sahibkar çox vaxt kreditin faizinə baxır, amma bank xidmətlərinin ümumi xərcini hesablamır. Halbuki bir bank kreditə 1-2 faiz aşağı faiz təklif edə bilər, amma digər xidmətlərə görə daha çox komissiya ala bilər. Bu halda ucuz görünən kredit əslində sahibkar üçün daha baha başa gələ bilər”.
O deyir ki, bankı yalnız kredit verən qurum kimi qəbul edilməməlidir: “Bank sahibkarın gündəlik maliyyə tərəfdaşıdır. Ona görə də bu tərəfdaşlığın sahibkara neçəyə başa gəldiyi əvvəlcədən aydın olmalıdır. Burada bankların da məsuliyyəti var. Sahibkar müqavilə bağlayanda bilməlidir ki, ay ərzində banka təxminən nə qədər pul ödəyəcək. Xırda-xırda komissiyalar ayrıca çox böyük görünməyə bilər. Amma ayın və ilin sonunda bunların hamısı toplananda kiçik biznes üçün ciddi məbləğə çevrilə bilər. Bank xidmətlərinin şərtləri də bütün bizneslər üçün eyni olmamalıdır.
Kiçik biznesin dövriyyəsi, fəaliyyət sahəsi və maliyyə imkanları nəzərə alınmalıdır. Bankın əsas məqsədi yalnız böyük şirkətlərlə işləmək olmamalıdır. Kiçik biznesin böyüməsinə də maliyyə imkanları yaratmaq lazımdır. Kredit götürərkən də sahibkar yalnız faiz dərcəsinə baxılmamalıdır. Kreditin komissiyası, girov tələbi, sığorta xərcləri, erkən ödəniş şərtləri və digər ödənişlər də hesablanmalıdır. Çünki reklamda ucuz görünən kredit bütün xərclər hesablandıqdan sonra heç də ucuz olmaya bilər. Məncə, kiçik biznes üçün ən yaxşı bank mütləq ən ucuz bank deyil. Əsas məsələ bankın nə qədər şəffaf olması və sahibkarın işinə nə qədər uyğun xidmət göstərməsidir. Sahibkar bank seçməzdən əvvəl bir il ərzində banka nə qədər pul ödəyəcəyini hesablamalı və sonra qərar verməlidir”.
“Banklar da başa düşməlidir ki, kiçik sahibkar üçün 5-10 manat belə bəzən əhəmiyyətli xərcdir. Minlərlə sahibkardan alınan kiçik komissiyalar isə bank üçün böyük gəlirə çevrilir. Ona görə də komissiyalar şəffaf və əsaslandırılmış olmalıdır.Əgər kiçik və orta biznesin inkişafını istəyiriksə, sahibkarın qarşısına hər addımda yeni xərc çıxarmaq olmaz. Vergi, icarə, əməkhaqqı, logistika və digər xərclər onsuz da biznesin üzərindədir. Bunun üzərinə yüksək bank xərcləri də gələndə sahibkarın inkişaf üçün ayırdığı vəsait azalır.
Bu məsələdə banklar da kiçik biznesdən yalnız pul qazanan qurum yox, onun böyüməsində maraqlı olan maliyyə tərəfdaşı olmalıdır. Sahibkarın kiçik sahibkarlıq subyektindən,orta, orta sahibkarlıq subyektindən iri sahobkarlıq subyektinə çevrilməsinə dəstək verən tərəfdaşlardan ən önəmlilərindən biri də məhz bnakdır. Buna görə də sahibkar da bank seçərkən reklamda yox, rəqəmlərdə olan qiymətə baxmalıdır. Bir il ərzində banka nə qədər ödəyəcəyini hesablamadan seçilən bank sonda biznes üçün ən bahalı seçim ola bilər” – deyə ekspert əlavə edib.
