Müəllif: Gülnar Əhmədli, Banco.az
Son illərdə frilans iş modeli bir çox insan üçün əlavə gəlir əldə etmək və ya əsas iş yeri olmadan çalışmaq imkanına çevrilib. Bu iş forması əməkdaşlara vaxtlarını daha sərbəst planlaşdırmağa imkan versə də, müəyyən riskləri də özündə ehtiva edir. Belə ki, frilans çalışanlar bəzən gördükləri işin qarşılığında ödənişlərini vaxtında ala bilmir, hətta bəzi hallarda ümumiyyətlə ödənişsiz qalırlar. Əmək münasibətlərinin ənənəvi iş modelindən fərqli olması bu cür problemlərin həllini də çətinləşdirə bilər. Bəs frilans çalışanların əməkhaqqı ala bilmədikləri hallarda hansı hüquqları var və ödənişlərini tələb etmək üçün hansı addımları ata bilərlər?
Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov Banco.az-a açıqlamasında bildirib ki, frilans işlər evdən, kafedən və s. kimi yerlərdən idarə oluna bilər. Özəlliklə qrafik dizayn, tərcümə işləri, sosial media marketinq, veb saytların qurulması və s. xidmətlər frilans işlər arasında çoxluq təşkil edir:
"Frilans işləyən şəxs, qazancını maaşla deyil, etdiyi iş üzərindən ya da saata uyğun əldə edir. Burada iş saatları frilanser və sifarişçi arasında razılaşdırıla bilər.
Frilans (sərbəst) fəaliyyətlə məşğul olan şəxslərin gəlirlərinin hüquqi çərçivəyə salınması, vergi öhdəliklərinin tənzimlənməsi ölkə qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. Müstəqil şəkildə xidmət göstərən, müxtəlif layihələrdən gəlir əldə edən frilanserlər fəaliyyətlərini qanuni əsaslarla həyata keçirmək üçün ilk növbədə Dövlət Vergi Xidmətində fiziki şəxs kimi uçota durmalı, VÖEN (Vətəndaşın Ödəyici Kodu / Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) əldə etməlidirlər. Bu prosedur frilanserə rəsmi müqavilələr bağlamaq, bank hesabları vasitəsilə leqal ödənişlər qəbul etmək imkanı yaradır".

F. Əkbərovun sözlərinə görə, frilanser müştərinin sadəcə mövcud sifarişini etməklə məsuldur: "Sığorta və digər ehtiyaclar tərəflərin məsuliyyəti üzərində deyil. Əgər işçilərlə müəssisə arasında rəsmi əmək müqaviləsi bağlanıbsa, onların əmək hüquqları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə qorunur və işəgötürən əməkhaqqını qanunla müəyyən edilmiş müddətdə ödəməyə borcludur. Əməkhaqqının uzun müddət ödənilməməsi isə əmək qanunvericiliyinin kobud şəkildə pozulması hesab olunur.
Belə olan halda, işçilər ilk növbədə Azərbaycan Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi qaydada müraciət etməlidirlər. Bu qurum əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarətini həyata keçirir və daxil olan müraciətlər əsasında araşdırma apararaq qanunvericilikdə nəzərdə tutulan tədbirləri görə bilər".
Bizi sosial şəbəkələrdən izləyin!!
