Müəllif: Gülnar Əhmədli, Banco.az
Hazırda ipoteka ilə kredit almaq mənzil sahibi olmaq üçün ən geniş yayılmış variantlardan biridir. Lakin bəzən vətəndaşın maddi vəziyyəti pisləşir və ödənişini vaxtında edə bilmir. Bu halda nə baş verir?
İqtisadçı Rəşad Həsənov Banco.az-a açıqlamasında bildirib ki, ipoteka kreditləri üzrə borc öhdəliyinin yerinə yetirilməməsi halında görüləcək tədbirlər ipoteka müqaviləsi ilə müəyyən edilir:
"Bununla yanaşı, dövlət vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə də ümumi hüquqi normalar mövcuddur.
Əgər müqavilədə xüsusi şərt nəzərdə tutulmayıbsa, ipoteka krediti üzrə aylıq ödənişlərin iki ay ardıcıl olaraq edilməməsi banka müqavilənin ləğvi, ipoteka qoyulmuş əmlakın satışa çıxarılması və satışın hərrac yolu ilə həyata keçirilməsi istiqamətində addımlar atmaq hüququ verir.

Əmlak satıldıqdan sonra əldə olunan vəsaitdən ilk növbədə banka olan borc tutulur, qalan məbləğ isə ipoteka sahibinə qaytarılır. Mübahisəli hallar yarandıqda proses məhkəmə müstəvisinə keçə bilər. Məhkəmə qərarları əksər hallarda qanunvericilikdə müəyyən edilmiş çərçivələrə uyğun olaraq qəbul edilir. Bu çərçivə əmlakın satışı, borcun bağlanması və qalıq vəsaitin ipoteka qoyan şəxsə qaytarılması prosedurunu tənzimləyir".
İqtisadçının sözlərinə görə, bununla belə, bəzi hallarda banklar daimi müştərilərinə münasibətdə müəyyən güzəştlər tətbiq edə bilər: "Xüsusilə bankın öz vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə restrukturizasiya qərarları qəbul oluna bilər. Bu isə bankın kredit borcunun qaytarılması və öhdəliyin icrası ilə bağlı seçdiyi strategiyadan asılıdır".
Bizi sosial şəbəkələrdən izləyin!!
