Müəllif:Ayşən İmanova/Banco.az
“Apple”dan 5G modemli büdcəli “iPhone SE 4” 2025-ci ilin birinci rübünün sonunda buraxılacaq.
Banco.az xəbər verir ki, bu barədə “MacRumors” portalı “Barclays”ın analitiki Tom O’Malliyə istinadən məlumat yayıb.
Beləliklə, smartfon 2025-ci ilin martında - hazırkı üçüncü nəsil “iPhone SE”nin təqdimatından üç il sonra buraxılacaq.
Şayiələrə görə, yeni məhsul əsas “iPhone 14”ə bənzəyəcək və 6,1 düymlük OLED displey, Face ID, flaqman A17 Pro və ya A18 çipi, USB-C portu, arxa tərəfdə bir 48 MP kamera, həmçinin “Apple Intelligence” və “Apple”ın ilk 5G modemini dəstəkləmək üçün 8 GB RAM təklif edəcək.
Məlumata görə, “Apple” 2018-ci ildən bəri “iPhone” üçün xüsusi 5G modem üzərində işləyir. Bunun şirkətə “Qualcomm”dan asılılığını azaltmağa imkan verəcəyi gözlənilir. Bildirilir ki, bundan əvvəl şirkətlər “iPhone” modemlərinin tədarükü ilə bağlı müqaviləni 2026-cı ilə qədər uzadıblar, buna görə də “Apple”ın daxili inkişafa keçidi başa çatdırmaq üçün kifayət qədər vaxtı var. Nüfuzlu analitik Minq-Çi Kuo hesab edir ki, “iPhone 17 Air” həmçinin “Apple” modemi ilə təchiz olunacaq.
Üçüncü nəsil “iPhone SE” 2022-ci il martın 8-də 429 dollardan başlayan qiymətlərlə təqdim edilmişdi, lakin növbəti nəslin daha baha olacağı hesab edilir.