Müəllif: Mehin Qasımova, Banco.az
Avtomobildə yanacaq xəbərdarlıq işığının yanması sürücüyə çəndə yanacağın azaldığını göstərir.
Banco.az xəbər verir ki, lakin bu işıq yandıqdan sonra avtomobil dərhal dayanmir.
Araşdırmalara görə, bir çox avtomobildə xəbərdarlıq işığı yandığı zaman çəndə ümumi tutumun təxminən 10-15 faizi həcmində yanacaq ehtiyatı qalır.
Bu ehtiyat yanacağın miqdarı avtomobilin marka və modelindən asılı olaraq dəyişir. Sürücülük şəraitindən də asılı olaraq xəbərdarlıq işığı yandıqdan sonra avtomobil təxminən 46-100 kilometr məsafə qət edə bilər.
Bununla belə, bu məsafəyə tam güvənmək məsləhət görülmür. Çünki yanacağın nə qədər müddət kifayət edəcəyi avtomobilin yanacaq sərfiyyatından, sürətdən, yol şəraitindən və istifadə olunan ötürücüdən asılıdır.
Məsələn, şəhər daxilində tıxacda hərəkət etmək yanacaq sərfiyyatını artırır. Bu isə ehtiyat yanacağın daha tez tükənməsinə səbəb olur. Magistral yolda sabit və nisbətən aşağı sürətlə hərəkət etmək isə yanacaq sərfiyyatını azaltmaqla daha uzun məsafə qət etməyə imkan verə bilər.
Xüsusilə yüksək sürətlə hərəkət etmək və tez-tez sürətlənmək yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə artırır. Buna görə də yanacaq xəbərdarlıq işığı yandıqda sürücülərin ən yaxın yanacaqdoldurma məntəqəsinə mümkün qədər tez çatması tövsiyə olunur.
Mütəxəssislər avtomobili mütəmadi olaraq çox az yanacaqla idarə etməyin də düzgün olmadığını bildirirlər. Çəndə yanacağın tamamilə tükənməsi avtomobilin yolda qalmasına səbəb olmaqla yanaşı, yanacaq sisteminin işinə də mənfi təsir göstərə bilər.
