Fəqan Nağıyev: “Məqsədim həyatda öz baxışlarımı yenidən qiymətləndirmək idi” | Banco.az

Fəqan Nağıyev: “Məqsədim həyatda öz baxışlarımı yenidən qiymətləndirmək idi”

Forbes jurnalı həmyerlimiz, dünyanın aparıcı banklarından olan, 450 mlrd. CHF çox aktivləri idarə edən, İsveçrənin Bank Julius Baer Qrupunun Julius Baer CIS üzrə İcraçı Direktoru, Rusiya, Mərkəzi və Şərqi Avropa Regionunda İnstitusional Biznesin rəhbəri Fəqan Nağıyevlə müsahibəni dərc etmişdir.

Vyana İqtisadiyyat və Biznes Universitetinin, habelə ABŞ-ın Minnesota Universitetinin  top-menecerlərə istiqamətlənmiş  Global EMBA ( Global Executive Master of Business Administration) birgə proqramını uğurla başa vuran Fəqan Nağıyev proqramla, habelə pandemiya dövründə professional təhsillə bağlı fikirlərini Forbes jurnalı ilə bölüşüb. Mövzunun aktuallığını nəzərə alaraq müsahibənin tərcüməsini qısa ixtisarlarla diqqətinizə çatdırırıq.

Haşiyə: Linkedin məlumata əsasən, Fəqan İlham oğlu Nağıyev 2005-ci ildə Azərbaycan Universitetinin hüquq fakultəsini fərqlənmə ilə bitirib. 2015-2020 -ci illərdə Julius Baer Akademiyasında, İtaliyanın Bacconi Universitetində, Honq Konqun City (CityU) Universitetində və Hindistanın Biznes Məktəbində (Indian School of Business) ixtisasartırma kursaları keçib. 2019-2020-ci illərdə Vyana İqtisadiyyat və Biznes Universitetinin və ABŞ-ın Minnesota Universitetinin birgə Global EMBA proqramını bitirib.

Bank sahəsində əmək fəaliyyətinə 2007-ci ildə ABB-də başlayan Fəqan Nağıyev, 2008-2014-cü illərdə ABB-Moskva Bankında şöbə müdiri,  Departament direktoru, İcraçı Direktor  kimi müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən əmək fəaliyyətini İsveçrənin Bank Julius Baer Qrupunda davam etdirən F.Nağıyev 2015-2020-ci illərdə investisiya xidmətləri və aktivlərin idarə edilməsi üzrə ixtisaslaşan, Julius Baer Investment Advisory GesmbH (Avstriya) Direktor, daha sonra isə İcraçı Direktor vəzifəsində çalışmışdır. 2020-ci ildən Julius Baer CIS üzrə İcraçı Direktor, Rusiya, Mərkəzi və Şərqi Avropa Regionunda İnstitusional Biznesin rəhbəri vəzifəsində çalışır.

- Siz nə üçün məhz EMBA proqramını seçdiniz? Biznes-təhsilin qarşısında hansı hədəfləri qoymuşdunuz?

-  Azərbaycanın, Rusiyanın və İsveçrənin maliyyə-bank strukturlarında 14 illik iş təcrübəsinə malik olan bir şəxs kimi, birmənalı şəkildə deyə bilərəm ki, mənim əsas məqsədim karyerada irəliləmək yox, həyatda öz baxışlarımı yenidən qiymətləndirmək, strateji menecment, marketinq, layihələrin idarə edilməsi və sair sahələrdə biliklərimi genişləndirmək arzusu idi.

- Siz təhsil proqramını seçərkən hansı biznes-məktəbləri nəzərdən keçirmisiniz? Nəyə görə məhz WU-da təhsil proqramını seçdiniz?

- Vyanada yaşaydığımı nəzərə alaraq, mən yalnız Avropada, əsasən İngiltərədə təhsil variantlarını nəzərdən keçirirdim. 2018-ci ilin noyabrında təsadüfən Vyana İqtisadiyyat və Biznes Universitetində (WU Executive Academy) Global Executive MBA (GEMBA) proqramının banner reklamını gördüm və oraya sorğu göndərdim.  Lazımlı sənədlər paketini təqdim etdikdən və sınaq imatahanlarından sonra məni GEMBA proqramına qəbul etdilər.

Haşiyə. Global Executive MBA – WU Executive Academy (Vyana, Avstriya) və Carlson School of Management (Minneapolis, ABŞ) nüfuzlu biznes-məktəblərin birgə proqramıdır. Proqramı uğurla bitirənlər ABŞ-ın Minnesota Universiteti  və Vyana İqtisadiyyat və Biznes Universitetindən məzun olurlar. (Forbes)

-  Seçim zamanı mənim üçün mühüm rol oynayan faktorlardan  Global Executive MBA proqramının iki universitetin birgə proqramı olması və Avstriyadan başqa beş ölkədə (Braziliya, Argentina, Çin, Hindistan və ABŞ) modulların keçirilməsini göstərə bilərəm. Üstəlik, təhsil haqqı yaxın rəqiblərlə müqayisədə demək olar ki, 30%-50% aşağı idi. Əlbəttə, o vaxt mən təhsilin keyfiyyəti haqqında mühakimə yürüdə bilməzdim, buna görə də qərar verərkən müxtəlif reytinqləri əsas götürürdüm və həmin reytinqlərdə GEMBA WU müxtəlif parametrlər üzrə layiqli yerləri tuturdu. Məsələn, WU Executive Academy-də GEMBA  AACSB-dan, AMBA-dan və EQUIS-dən akkreditasiyalarına görə “üçqat tac”a malik olan nadir proqramlardan biridir. Beləcə, mənim biliklər aləminə ilyarımlıq maraqlı səyahətim başlandı.

Haşiyə. AACSB (ABŞ), AMBA (Böyük Britaniya) və EQUIS (Avropa İttifaqı) – bütün dünyada biznes-məktəblərini akkreditasiya edən üç ən böyük və nüfuzlu təşkilatdır. Üçqat akkreditasiyaya malik olan cəmi 100-ə yaxın (1%-dən az) biznes-məktəb var. Akkreditasiya edən təşkilatların hər biri müxtəlif aspektləri qiymətləndirir, buna görə biznes-məktəbin “üçqat tac” alması üçün o, çox böyük sayda parametrlərə, o cümlədən pedaqoji heyətin ixtisas səviyyəsi, tədris proqramlarının keyfiyyəti və məzmunu, beynəlmiləllik, hər bir MBA proqramının xarakteristikaları və başqa parametrlərə görə yüksək tələblərə uyğun olmalıdır. (Forbes)

Ən sərfəli kredit üçün müraciət et

- Sizin təhsil proqramınızın bir hissəsi pandemiya dövrünə düşüb və siz hibrid formatda oxumusunuz. Sizin fikrinizcə, bu fakt təhsilin keyfiyyətinə təsir göstəribmi?

-  Biz virus haqqında ilk dəfə 2019-cu ilin dekabrında Asiyaya səfər zamanı eşitdik. Orada iki modulda iştirak etdik - Çində (City University of Hong Kong) və Hindistanda (Indian School of Business, Hyderabad). Bundan əlavə, müxtəlif məşhur yerli şirkətlərdə görüşlər planlaşdırılırdı. Əlbəttə, onda biz heç ağlımıza da gətirə bilməzdik ki, sonradan COVID-19 adı almış virus nəinki bizim adət etdiyimiz həyat tərzimizi, həm də dünyanın bütün iqtisadi-siyasi landşaftını dəyişdirən “qara qu quşu” faktoruna çevriləcək.

Pandemiyanın başlandığı günlərdə WU EA rəhbərliyi bizimlə sıx   əlaqə saxlayırdı və habelə qısa müddətdə hibrid təhsil formatına keçid təşkil edildi. Proqramın qalan yarım ilini COVID-19 və “pandemiya” kimi ifadələrin üstünlük təşkil etdiyi yeni reallıqda keçirdik. Mən indi, geriyə nəzər salaraq, o çətin vaxtlarda WU kollektivinin fəaliyyətini minnətdarlıqla xatırlayıram.

Beləliklə, biz Global Executive MBA proqramı üzrə hibrid formatda təhsil almış ilk tələbələrdən olmuşuq.

Sizin fikrinizcə, hibrid formatda təhsilin üstünlükləri və mənfi cəhətləri nədən ibarətdir? Netvorkinq (şəbəkədə iş) imkanları necə reallaşdırılıb? Təhsil prosesində faydalı əlaqələr qurmaq imkanı varmı?

-  Mən hesab edirəm ki, mövzudan asılı olaraq təhsil modulları düzgün bölüşdürülsə, hibrid rejimdə təhsil optimal formatdır. Təhsilin bir hissəsini oflayn rejimdə, digər hissəsini isə onlayn rejimdə keçmək olar. Məsələn, fikrimcə, statistika və ya maliyyə menecmenti kimi modulları oflayn rejimdə keçmək daha yaxşıdır, amma liderlik modulunu hər hansı keyfiyyət itkisi olmadan, rahatca onlayn formata keçirtmək olar. Proqramın iştirakçılarının müxtəlif ölkələrdən olduqlarını və onların çoxunun təhsil almaqla paralel işlədiyini də nəzərə alsaq, bəzi modulların onlayn rejimdə öyrənilməsi vaxta və maliyyə vəsaitlərinə qənaət etməyə imkan verərdi. Məsələn, mənim kurs yoldaşlarımdan biri CAR-da yaşayır və o proqram zamanı hər ay 4 günlüyə Vyanaya gəlirdi. Təsəvvür etmək çətin deyil ki, ilyarım ərzində hər ay 4 günlüyə CAR-dan Vyanaya və geriyə uçmaq fiziki cəhətdən necə yorucu və maliyyə tərəfdən necə məsrəflidi.

Qeyd etdiyim kimi, tədris proqramının bir hissəsi ABŞ, Hindistan, Çin, Argentina və Braziliya kimi ölkələrdə keçirilirdi. Üstəlik, bizim təhsilimizin əsas hissəsi pandemiyaya qədər oflayn rejimdə keçdiyi üçün iştirakçılar arasında sıx netvorkinq yaranmışdı. Pandemiyaya qədər biz ABŞ-dan başqa bütün ölkələrdə təşkil edilmiş modullarda iştirak edə bildik. Bu səfərlərdən sonra məndə parlaq xatirələr qaldı. Bu səfərlər proqram iştirakçılarının bir-birini daha yaxşı tanımasına və dostluq münasibətlərinin möhkəmlənməsinə kömək etdi.

Sizin sualınıza cavab olaraq isə deyə bilərəm ki, mənim fikrimcə, təhsilin hibrid formatında belə, möhkəm və faydalı əlaqələr qurmağ mümkündür. Habelə, Vyana İqtisadiyyat və Biznes Universitetinin WU Executive Club (dünyanın 85 ölkəsindən 4500 üzvü birləşdirir) və WU EA Connect (şəxsi sosial şəbəkə) kimi effektiv platformaların mövcudluğu da buna imkanı genişləndirir. Təsadüfi deyil ki, 2020-ci ildə GEMBA proqramı netvorkinqin keyfiyyəti üzrə The Economist jurnalının reytinqində dünyada 10-cu yeri, Avropada 4-cü və almandilli ölkələr arasında (Avstriya, Almaniya və İsveçrə) 3-cü yeri tutmuşdur.

Mənbə: https://education.forbes.ru/authors/wu-interview-emba

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram