Dünyada cəmi bir ədəd var: 73 il gizli saxlanıldı, rekord qiymətə satıldı | Banco.az

Dünyada cəmi bir ədəd var: 73 il gizli saxlanıldı, rekord qiymətə satıldı

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyada yalnız bir ədəd mövcud olan 1953-cü il istehsalı "Cadillac Elegante" 73 ildən sonra hərraca çıxarılaraq 1 milyon 275 min dollara satılıb.

Banco.az xəbər verir ki, ABŞ-ın İndiana ştatında Kruse Auctions tərəfindən keçirilən hərracda satılan avtomobil "Cadillac" tarixində hərrac rekordunu yeniləyib.

"Elegante" 2023-cü ildə 940 min dollara satılan 1934-cü il istehsalı "V16 Fleetwood" modelinin rekordunu geridə qoyub.

Avtomobil İtaliyanın Carrozzeria Motto şirkəti tərəfindən 30 ay ərzində əl işləri ilə hazırlanıb. Avtomobilin dizaynı isə məşhur dizayner Albrecht von Goertzin imzasını daşıyır.

"Cadillac Elegante" mirvari rəngli ağ kuzovu və qızılı üst örtüyü ilə diqqət çəkir. Avtomobilin salonunda tünd qırmızı italyan dərisindən istifadə olunub. Xüsusi hazırlanmış sükan çarxı isə işıqlı medalyonla tamamlanıb.

Modelin bəzi detalları da xüsusi olaraq hazırlanıb. Qapı tutacaqları, ön şüşənin çərçivəsi və bəzi bürünc hissələr 24 karatlıq təmiz qızılla örtülüb.

Avtomobil təxminən 210 at gücünə malik 5,4 litrlik V8 mühərriklə təchiz edilib. 

73 il ərzində gizli saxlanılan və dünyada yalnız bir nümunəsi olan Cadillac Elegante-nin rekord qiymətə satılması avtomobil kolleksiyası bazarında böyük maraq doğurub.