Çin "Nvidia H200" çipinin istifadəsinə icazə verəcək | Banco.az

Çin "Nvidia H200" çipinin istifadəsinə icazə verəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Çin hökumətinin ölkənin aparıcı süni intellekt şirkətlərinə Nvidia-nın H200 çiplərini məhdud sayda almağa icazə verməyi planlaşdırdığı bildirilir.

Banco.az xəbər verir ki, "Alibaba", "ByteDance" və "DeepSeek" kimi şirkətlər süni intellekt modellərinin hazırlanmasında istifadə olunan H200 prosessorlarının müəyyən hissəsini idxal edə biləcəklər.

Məlumata əsasən, şirkətlər icazə almaq üçün neçə çipə ehtiyac duyduqlarını və onlardan hansı məqsədlə istifadə edəcəklərini Çin hökumətinə təqdim etməlidirlər.

Vaşinqtondakı Çin səfirliyinin sözçüsü Liu Çanq bildirib ki, Pekinin ABŞ-dan çip idxalına dair mövqeyi dəyişməyib.

Onun sözlərinə görə, Çin və ABŞ arasında əməkdaşlıq hər iki tərəf üçün faydalıdır və texnologiya ilə iqtisadiyyatın siyasiləşdirilməsinə qarşı çıxılır. Çin qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini qorumaq üçün bütün tərəflərlə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Qeyd olunur ki, H200 çiplərinin idxalına tətbiq olunan məhdudiyyətlər indiyədək əsasən Çinin yerli yarımkeçirici sənayesinin inkişafına təsir göstərə biləcəyi və kibertəhlükəsizlik riskləri ilə bağlı narahatlıqlarla əsaslandırılırdı.

Bununla belə, süni intellekt sahəsində hesablama gücünə tələbatın sürətlə artması Çin rəsmilərini müəyyən həcmdə H200 çiplərinin idxalına icazə verməyə sövq edib. Məlumata görə, Çin şirkətləri də ABŞ-dəki rəqibləri kimi yeni süni intellekt modellərinin hazırlanması və işlədilməsi üçün kifayət qədər yüksək performanslı prosessor tapmaqda çətinlik çəkirlər.

Nvidia-nın H200 çipi şirkətin Hopper arxitekturasına əsaslanan məhsul xəttinə daxildir və süni intellekt modellərinin təlimi və işlədilməsi üçün nəzərdə tutulub.