Müəllif:Mehin Qasımova,Banco.az
Fransanın cənub-qərbində, Periqor Nuar bölgəsində yerləşən cəmi 400 nəfərlik əhaliyə sahib "La Roque-Gageac" kəndi tarixi memarlığı və unikal təbiəti ilə diqqət mərkəzindədir.
130 metr hündürlükdəki əhəngdaşı qayaları ilə Dordon çayı arasında qərar tutan bu yaşayış məntəqəsi hər il 1 milyondan çox ziyarətçi qəbul edir.
Banco.az xəbər verir ki, Sarlat-la-Kaneda şəhərinin qərbində yerləşən kənd öz geoloji mövqeyini və zəngin tarixi irsini əsrlərdir qoruyub saxlayır.
Qallo-Roma dövründən məskunlaşan bu ərazi X əsrdən etibarən mühüm strateji məntəqəyə çevrilib. Birbaşa dik qayaların içərisində oyulmuş mağara-qala Yüzillik müharibə dövründə müdafiə və müşahidə məqsədilə istifadə olunub. XIII əsrdən etibarən isə kənd mühüm çay limanına çevrilərək ticarət mərkəzinə çevrilib. Burada duz, yağ, ağac, şabalıd və şərab kimi məhsullar "qabare" adlanan ənənəvi çay gəmiləri ilə Bordo şəhərinə daşınıb. XIX əsrdə dəmir yolu şəbəkəsinin genişlənməsi ilə çay ticarəti öz əhəmiyyətini itirib.
Tarixi və təbii mənzərəsi ilə heyran edən "La Roque-Gageac" 1943-cü ildə "qorunan ərazi" elan edilib, 1982-ci ildən isə rəsmən "Fransanın Ən Gözəl Kəndləri" siyahısına daxil edilib. Hazırda yaşayış məntəqəsi Memarlıq və İrs Qiymətləndirmə Sahəsi (AVAP) qanunvericiliyi çərçivəsində xüsusi dövlət mühafizəsindədir.
Çay və qaya arasındakı məhdud ərazidə yerləşdiyi üçün kənddə şaquli memarlıq üslubu formalaşıb. Sarı əhəngdaşından inşa edilən evlərin damında "loz" adlı düz daş lövhələrdən və ya xüsusi kirəmitlərdən istifadə olunub.
XV–XVII əsrlərə aid tikililər Periqor memarlığına xas olan bəzəkli pəncərə çərçivələri və spiral pilləkənləri ilə seçilir. Kənddəki zadəgan evləri, tarixi kilsə və mağara-qala da daxil olmaqla, çoxsaylı abidələr rəsmi olaraq tarixi irs statusuna malikdir.
