Müəllif: Tamara Mustafayeva, Banco.az
BVF-dən Ukraynaya 690 milyon dollarlıq yeni yardım paketi.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün qüvvədə olan kredit proqramının ilk qiymətləndirmə mərhələsini tamamlayaraq təxminən 690 milyon dollar məbləğində vəsaitin ayrılması ilə bağlı ekspertlər səviyyəsində razılıq əldə edib.
BVF-in yaydığı açıqlamada bildirilib ki, Fond ilə Ukrayna rəsmiləri arasında 8,1 milyard dollar həcmində və 4 il müddətini əhatə edən Genişləndirilmiş Maliyyələşdirmə Mexanizmi (EFF) proqramının ilk qiymətləndirilməsi üzrə ekspertlər səviyyəsində razılaşma əldə olunub.
Açıqlamada qeyd edilib ki, BVF-in İcraçı Direktorlardan ibarət Şurası bu qərarı təsdiqləyəcəyi təqdirdə, Ukrayna əlavə olaraq təxminən 690 milyon dollar maliyyə vəsaitinə çıxış əldə edəcək.
Bildirilib ki, sözügedən ödəniş təsdiqlənərsə, proqram çərçivəsində Ukraynaya ayrılmış ümumi vəsaitin həcmi 2,2 milyard dollara çatacaq.
BVF həmçinin vurğulayıb ki, proqram üzrə müəyyən edilmiş bütün kəmiyyət göstəriciləri və hədəflər yerinə yetirilib. Birinci rüb üçün nəzərdə tutulan struktur islahat meyarlarından ikisinin gecikmə ilə icra olunduğu, bir meyarın isə hələ tam şəkildə yerinə yetirilmədiyi bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
