Müəllif: Sənan Həsənov
Bu gün kriptovalyuta və blokçeyn həm dünya ictimaiyyətində, həmçinin də ölkəmizdə insanlar tərəfindən ən çox maraq doğuran mövzulardandır. Hər keçən günlə bu texnologiyanın tətbiqi istiqamətləri daha da genişləndirilir. Artıq bir çox bizneslər öz idarəetmə sistemlərini dünyada mövcud olan aparıcı blokçeyn platformalarına keçirirlər və bu proses hər gün daha böyük sürətlə inkişaf edir. Bu yazıda mən blokçeyn və kriptovalyuta texnologiyaları, onların Azərbaycan Bank sektoruna inteqrasiyası və eyni zamanda bu inteqrasiya nəticəsində xüsusilə kiçik və orta biznesin maliyələşmə modeli və bunun ümumilikdə iqtisadiyyata müsbət təsirləri barəsində fikirlərimi bölüşürəm. İlk olaraq yazıda bu texnologiyaların məğzini daha yaxından anlamaq üçün onun yaranma zərurətini, sonra kriptovalyutanın nə olması, blokçeynin işləmə mexanizmləri, daha sonra isə onun Azərbaycanda tətbiqi imkanları barəsində məlumatlar yazıda yer almaqdadır.
Kriptovalyutanın yaranma zərurəti
İnternet yarandıqdan sonra bu texnologiya bir çox sahələrdə həyatımıza inteqrasiya edərək, gündəlik fəaliyyətimizin sürətlənməsinə gətirib çıxarmışdır. Məhz internetin hər kəsə əlçatan olması texnologiyaların bu gün mövcud olan səviyyədə inkişafına şərait yaratmışdır. Bu inkişafın məntiqi davamı olaraq ödəniş sistemləri və ənənəvi pulların da inkişafına ehtiyac duyulurdu. Əslində artıq uzun zamandır xüsusilə inkişaf etmiş ölkələrdə insanlar kağız pul əskinaslarından demək olar ki, istifadə etmir. Ödənişləri plastik kartlar, internet və mobil bank xidmətləri vasitəsilə həyata keçirirlər. Həmçinin dövri olaraq baş verən maliyyə böhranları yeni – məhdud və daha çox tələb təklifə əsaslanan ödəniş alətinin formalaşmasına kəskin tələb yaratmışdı.
Digər tərəfdən dünyanın nəhəng bizneslərindən olan Uber, Facebook və digər elektron bizneslərin yaratdığı bir model var idi ki, düşünürəm blokçeyn və kriptovalyuta yaradıcısı bu biznes modellərindən ilhamlanmışdır. Belə ki, bildiyiniz kimi Uber bir ədəd belə taksiyə malik olmadan dünyanın ən böyük taksi şirkətidir. Bu onun ictimai resurslardan istifadə edərək yəni insanların şəxsi avtomobillərini taksi olaraq istifadəsi üçün müvafiq platforma yaradaraq bu prosesdə əldə etdiyi komissiyalar sayəsində dünyanın global milyarder şirkətinə çevrilmişdir.
Bunun nəticəsi olaraq 2008-ci ildə Satoşi Nakamota ləqəbli şəxs və ya qrup tərəfindən Bitcoin
adlandırdıqları ilk kriptovalyuta dünya ictimaiyyətinə təqdim edildi. Bu açıq bir texnologiya olduğu üçün Satoşi Nakamotonun dərc etdiyi kriptovalyuta mexanizminin sənədi ilə internetdə - bitcoinun rəsmi səhifəsində (https://bitcoin.org/bitcoin.pdf) tanış olmaq olar. Bu yenilik öz yanaşması və fəlsəfəsi ilə dünya iqtisadi proseslərində və maliyyə modelində ciddi dəyişikliklərə yol açacaq çox fundamental bir yenilikdir.
Kriptovalyuta nədir?
Kriptovalyuta sözünün özündən də göründüyü kimi onun kökündə kriptoqrafiya dayanır. Yəni bu müəyyən bir açarla kodlaşdırılmış bir həlldir. Əldə olunmuş bu kod müəyyən alqoritmin həllidir. Sadə dildə desək məsələn 100 rəqəmini bir alqoritm olaraq düşünün. Bu alqoritmin yaradıcı olaraq mən şərt müəyyən edirəm ki, məsələn yalnız toplama əməliyyatı vasitəsilə mənim alqoritmimin həlli yolu əldə oluna bilər. Bu şərtlə mən yaratdığım alqoritmimin emissiya həcmini müəyyən edirəm. Deyək ki, yalnız toplama əməli ilə 100 rəqəmini almaq üçün toplam 100 həll variantı (məs. 1+99, 2+98, 3+97, 4+96 və s.) var. Bu həll yolları kriptovalyutadır. Təbii ki, ilk dövrdə yaratdığım alqoritmin həlli yollarını tapmaq heç kəs üçün maraqlı olmayacaq və bu işi özüm etməli olacağam (Satoşi Nakamota da eyni addımı etmişdir və bu gün bir milyondan artıq ilk mining olunmuş Bitcoin onda olduğu bildirilir). Kriptovalyuta - kodlaşdırılmış unikal bir həll yoludur. Onu kopyalayıb artırmaq qeyri mümkündür, beləki hər bir həll yolu unikaldır. Zamanla insanlar bu həlli yollarını öz aralarında ödəniş vasitəsi kimi istifadə etməyə razılaşıblar və nəticədə o ödəniş vasitəsinə çevrilib. Yarandığı dövrlərdə təbii ki, bitcoin o qədər də məşhur olmadığı üçün, həmçinin əldə olunması daha asan olduğu üçün onun qiyməti 1 sent civarında idi. Əsasən proqramistlər tərəfindən istifadə olunan bu elektron ödəniş vasitəsi zamanla genişlənməyə başladı və 2013-cü ilin sonlarında artıq onun qiyməti 1000 dollardan çox idi. İnternet məkanında bitcoin əldə etmiş və onun əsasında yüksək həcmdə sərvət əldə etmiş insanlar barədə çoxlu hekayələr var. Bunlardan ən maraqlısı 10,000 bitcoin müqabilində alınmış iki ədəd pizza ilə bağlıdır. Bu kriptovalyuta tarixində ən bahalı pizza hesab olunur. Belə ki, bu günə (30.11.2017) olan məzənnə ilə hesablasaq həmin iki pizzanın qiyməti 99,700,000 dollar təşkil edir J. Ümumilikdə bitcoin alqoritminin 21 mln həlli yolu var. Bu gün üçün bu həlli yolunun artıq 17 mln yaxını mine olunub.
Blokçeyn nədir?
Blokçeyn kriptovalyutadan daha geniş bir anlayışdır. Belə desək kriptovalyuta blokçeyn aysberqinin görünən hissəsidir. Bu texnologiya zamanla daha da geniş analiz olunaraq internet kimi həyatımızın müxtəlif sahələrinə inteqrasiya edəcəkdir. Sadə dildə desək blokçeyn proseslərin avtomatik qeydiyyatı jurnalıdır. Burada proseslər sözündən istifadə etməyimdə səbəb odur ki, blokçeyn tək kriptovalyuta üzrə əməliyyatların qeydiyyatı üçün yox müxtəlif növ aktivlərin qeydiyyatı üçün istifadə edilə bilər. Bu gün bitcoin və digər kriptovalyutalar üzrə aparılan bütün əməliyyatlar müvafiq kriptovalyutanın formalaşdırıldığı blokçeyn platformasında qeydiyyata alınır. Hər bir növbəti əməliyyat əvvəlki ilə bağlantılı şəkildə formalaşdırılaraq dünya üzrə yayılmış maynerlərin komputerlərinin yaddaşında saxlanılır. Blokçeyn hər hansı mərkəzi yoxlama və ya nəzarət mexanizmi olmayan bir texnologiyadır.
Cari sistem |
Blokçeyn
|
Şəkillərdən də göründüyü kimi birinci – bu gün mövcud olan mexanizmdə mərkəzi banklar və ya qurumlar valyutanın emisiyasını həyatakeçirərək onun həcmini tənzimləyirlər. Həmçinin Banklar, köçürmə sistemləri və digər üçüncü tərəflər, ənənəvi pullar üzrə əməliyyatlarıntəsdiqini həyata keçirirlər. Eyni zamanda bütün əməliyyatlar barədə məlumatlar yalnız bu qurumlarda məxvi saxlanılır. Bunun üçün də təbii ki,banklar, köçürmə sistemləri və digər üçüncü tərəf təşkilatları yüksək komissiyalar alırlar. İkinci şəkildə qeyd olunan mexanizmdə təsvir olunanblokçeyn texnologiyasında isə insanlar öz aralarında bağladıqları razılaşmalar əsasında pul köçürmələrini hər hansı üçüncü tərəfin iştirakıolmadan həyata keçirir. Burada hər hansı mərkəzi və ya tənzimləyici orqan yoxdur. Hər bir əməliyyat bütün şəbəkə tərəfindən nəzarətdə saxlanır. Əməliyyatlar isə mədənçilər (miners) tərəfindən təsdiq olunur. Bunun nəticəsində onlar krptovalyuta əldə etmiş (mükafatlandırılmış) olurlar. (Bu mexanizmin məntiqini anlamaq üçün yazının əvvəlində qeyd etdiyim Uber modelini yada salmaq lazımdır. Uber insanların avtomobilindən istifadə edir. İnsanlar öz avtomobilləri ilə xidmət göstərir və göstərdiyi xidmət nəticəsində avtomobil sahibi qazanc əldə edir.) Daha sonra əldə etdikləri həll yolu barəsində avtomatik olaraq blokçeynə daxil olan bütün iştirakçılar (nodes) məlumatlandırılır və onların komputerlərində olan baza yenilənir. Beləliklə hər bir əməliyyat barəsində məlumat kopyalanaraq, mərkəzi server əvəzinə bütün komputerlərdə saxlanılır. Bu blokçeynin çox təhlükəsiz bir texnologiya olmasını təmin edir. Belə ki, hər hansı xaker blokçeyndə həyata keçirilmiş bir əməliyyatı ələ keçirmək istədiyi təqdirdə o bir biri ilə bağlı olan minlərlə, yüzminlərlə əməliyyatı ələ keçirməli olur ki, bu da demək olar ki, qeyri mümkündür.
Hal-hazırda blokçeynin və kriptovalyutaların tətbiqi trendləri
Hazırda bu sahə nisbətən yeni olduğu üçün bir çox ölkələr kriptovalyuta və ümumilikdə blokçeyn texnologiyalarını araşdırırlar. Onunla işləmə mexanizmlərini formalaşdırmağa çalışırlar. Bir sıra ölkələrdə kriptovalyuta əmtəə kimi qəbul olunaraq ona digər əmtəələr kimi münasibət formalaşdırılır. Digər qrup ölkələrdə ona investisiya aləti kimi baxılır. Ancaq kriptovalyutanı ödəniş vasitəsi kimi qəbul edən ölkələr də vardır. Bunlardan məsələn Almaniyanı misal göstərmək olar. Yaponiyada ümumiyyətlə bitcoin qanuni ödəniş vasitəsi kimi artıq qəbul olunub. Çində məsələn bitcoin ilə əməliyyatlar banklara qadağan olunub, ancaq fiziki şəxslərə icazə verilir. Çin ümumiyyətlə dünyada ən çox sayda bitcoin mədənçiləri (miners) olan ölkələrdəndir. İsveçrədə kriptovalyuta ilə əməliyyatlar və biznes qurulması üçün ən münbit şərait mövcuddur. Bu ölkədə kriptovalyuta xarici valyuta olaraq qəbul olunur. Ukraynada artıq bir çox insanlar öz yığımlarını kriptovalyutaya keçirirlər. Bu da təbii bir haldır belə ki, kriptovalyuta məhdud resurs olduğu üçün onun uzunmüddətli perspektivdə dəyərdən düşməsi və ya hər hansı böhranlara məruz qalması qeyri mümkündür.
Kriptovalyutaların dünyada tətbiq olunan alqı satqı imkanları
Kriptovalyutanın alqı satqısı üçün internet məkanında çoxsaylı onlayn mübadilə alqı, satqı və mübadilə resursları mövcuddur. Onların sayı gündən günə artır. Düşünürəm ki, zamanla kriptovalyutanın alqı satqısı prosesində müəyyən tənzimləmələr tətbiq olunacaqdır. Bu elektron valyuta olduğu üçün onu izləmək və hərəkətlərinə nəzarət etmək kağız pullardan fərqli olaraq daha asandır. Onun üçün daha öncə də qeyd etdiyim kimi hələ nisbətən yeni olduğu üçün alqı satqı prosesinə ciddi nəzarət bir çox ölkələrdə zəifdir, bəzilərində ümumiyyətlə yoxdur.
Banklar kriptovalyutadan çox blokçeynin imkanlarından istifadəyə açıq olmalıdırlar. Belə ki, blokçeyn mövcud bank sistemlərindən daha təhlükəsiz və təkmil nəzarət və qeydiyyat imkanlarına malik olan bir sistemdir. Bir çox böyük Banklar artıq pul köçürmələrində Ripple blokçeyninin tətbiqi ilə bağlı razılaşmalar imzalayıblar. Bu məqamda qeyd edim ki, bitcoindan sonra yaranmış bir sıra qruplar ktiptovalyuta və blokçeyn texnologiyalarının inkişafında ciddi irəliləyişlər əldə ediblər. O ki, qaldı kriptovalyuta əsaslı yeni bankların yaranmasına düşünürəm bu qaçılmaz bir prosesdir. Hətta artıq bir neçə nümunələr təxminən bir ay öncə formalaşıb. Sadəcə kriptovalyuta əsaslı Bank yanaşmasında ənənəvi yanaşmadan fundamental fərqli ciddi dəyişikliklər nəzərə çarpır. Burada fərqli düşüncə formalaşdırmaq önəmlidir. Bu düşüncə kredit verib, müştərilərin əməliyyatlarını həyata keçirib ondan komissiya qazanan bir qurum olaraq deyil, yaşayan, iş görən və inkişaf edən bir insan cəmiyyətinin daha çox resurslara malik olan bir iştirakçısı olmaq və bu cəmiyyətin inkişafı üçün çalışmaq düşüncəsinə keçiddən ibarətdir. Bu düşüncə artıq bir sıra inkişaf etmiş ölkələrdə mövcuddur düşünürəm zamanla ölkəmizdə də formalaşacaqdır.
Ümumiyyətlə kriptovalyutaların qiymət dəyişim trendləri, daha çox hansı mübadilə məntəqələrindən alınması barədə daha geniş məlumatları www.coinmarketcap.com resursundan əldə etmək mümkündür.
Kriptovalyutanın dəyəri necə formalaşır
Kriptovalyutanın məzənnəsinə təsir edən iki əsas faktor vardır. Birinci faktor çətinlik əmsalıdır. Bu onun sayının məhdud olması ilə əlaqədar olaraq hər yeni kriptovalyutanın əldə edilməsinin, öncəkinin əldə olunmasından daha çətin olması əsasında hesablanan bir əmsaldır. Kriptovalyutanın mədənçiliyi prosesi nə qədər çətinləşərsə onun qiyməti də qalxır. İkinci faktor kriptovalyutaya olan tələbdir. İstifadə həcmi artdıqca kriptovalyutaya olan tələb də artır. Bu da təbii ki, onun qiymətinin qalxmasına gətirib çıxarır.
Bu iki faktorun qarşılıqlı təsiri nəticəsində kriptovalyutanın qiymətində dəyişiklik baş verir.
Kriptovalyuta və blokçeyn texnoloqiyasının Azərbaycan Bank sektorunda tətbiqi
Bildiyiniz kimi bu gün bir çox insanlar öz vəsaitlərini banklarda depozit olaraq saxlamaqdan çəkinirlər. Bu da bankların maliyyə resurslarının məhdudlaşdırılmasına və nəticədə bu vəsaitlərin Banklardan, iqtisadiyyatın real sektoruna keçidində ciddi maneələr yaradır. Kriptovalyutaların tətbiqi ilə bu keçidin təmin edilməsi mümkündür.
Bunun üçün Mərkəzi Bank və ya Maliyyə Bazarlarına nəzarət palatası (MBNP) tərəfindən Centralchain adlı mərkəzi blokçeyn yaradıla bilər. Banklara mərkəzi blokçeyn platforması üzərində öz kriptovalyutalarını yaratma imkanı verilir. Banklar yaratdıqaları kriptovalyutaları özləri mining edib, həmçinin resurslarına qənaət etmək üçün əhaliyə mining imkanı yaradaraq emisiyasını həyata keçirə bilər. Emisiya olunmuş kriptovalyutalar mərkəzi bank və ya MBNP tərəfindən müəyyən olunmuş elektron birjada alınıb satıla bilər. Həmçinin Bankların formalaşdırdıqları kriptovalyutalar öz aralarında da alqı satqı oluna bilər. İnsanlar bu kriptovalyutaları manat valyutası müqabilində əldə edərək, aldıqları kriptovalyutaları Banklar tərəfindən analiz olunmuş bizneslərə yatıra bilərlər. Faktiki olaraq Bank bir biznes reytinqi qurumu funksiyasını həyata keçirmiş olur. Həmçinin Banklar bizneslər üçün xüsusi platformalar yaradır və biznesləri, onların investisiya tələb edən layihələrini analiz edərək onlara reytinqlər verir. Bu reytinqlər Bankların səhifələrində paylaşılır. İnsanlar Bankların internet səhifələrinə daxil olaraq, müvafiq identifikası proseslərini keçdikdən sonra orada yayımlanmış biznes layihələrinə öz qərarları əsasında və eyni zamanda Banklar tərəfindən verilmiş reytinqlərə əsaslanaraq investisiyalar edirlər. Biznes sahibləri layihə gəlirinin müəyyən hissəsini investorlara ayırır. Ayrılmış həcm kriptovalyuta investorları arasında investisiya həcmindən aslı olaraq bölüşdürülür. Nəticədə insanlar iki parametr əsasında qərar verirlər. Bu parametrlərdən birincisi Bankların biznesə verdikləri reytinq, ikincisi biznes sahibini verdiyi investisiya gəliri olur. Bankların bu prosesdə qazancı isə bizneslərin investorlarla bölüşdüyü həcmin bir hissəsi və yaxud investorların pul yatırdıqları bizneslə bağlı mümkün itkilərini qaranti etmək hesabına ola bilər. Bütün bu əməliyyatlar Mərkəzi Bankın və MBNP blokçeyni üzərində qeydiyyata alındığı üçün əməliyyatlara avtomatik nəzarət imkanı yaranır.
Mənbə: sananhasanov.com