Müəllif: Tamara Mustafayeva, Banco.az
“SpaceX” kütləvi IPO-da banklardan aşağı komissiya dərəcələri tələb edir.
Banco.az xəbər verir ki, İlon Maskın “SpaceX” şirkəti ilkin kütləvi təklifini idarə edən Uoll Strit banklarına mümkün qədər aşağı komissiya ödəmək məqsədilə danışıqlar aparır.
Maskın kosmos və süni intellekt sahələrində fəaliyyət göstərən holdinqi bu ay ilkin kütləvi təklif vasitəsilə cəlb etməyi planlaşdırdığı 75 milyard dollar üçün 0,75 faizdən də aşağı komissiya ödəmək barədə müzakirələr aparır. Mənbələrin bildirdiyinə görə, bu qədər aşağı komissiya dərəcəsi ilə belə, sözügedən əməliyyat ilkin kütləvi təklifi təşkil edən Uoll Strit bankları üçün indiyədək əldə edilən ən böyük komissiya gəlirlərindən biri ola bilər.
“Goldman Sachs” və “Morgan Stanley” kimi aparıcı banklar digər 21 vasitəçi qurumla müqayisədə komissiya fondunun daha böyük hissəsini almaq mövqeyindədir. Mənbələr qeyd ediblər ki, göstərilən rəqəmlər “SpaceX”dən tutulacaq əsas xidmət haqqını əks etdirir və əlavə olaraq verilə biləcək könüllü təşviq mükafatları bu hesablamaya daxil edilməyib.
“SpaceX”, “Goldman Sachs” və “Morgan Stanley” nümayəndələri məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.
İnvestisiya bankları adətən orta hesabla 1 milyard dollardan az vəsait cəlb edən ilkin kütləvi təkliflər üçün 4-7 faiz aralığında komissiya alırlar. Daha iri həcmli ilkin kütləvi təkliflərdə isə bu komissiya dərəcəsi əhəmiyyətli dərəcədə aşağı düşür. Bununla belə, belə hallarda belə komissiya səviyyəsi adətən 1 faizdən yuxarı olur.
Bizi sosial şəbəkələrdən izləyin!!
