Bloggerliklə məşğul olmaq istəyənlər nələri bilməlidir? - Gənclərə məsləhət | Banco.az

Bloggerliklə məşğul olmaq istəyənlər nələri bilməlidir? - Gənclərə məsləhət

İlham Əli Yusif: “Yumordan istifadə etmək izləyicilərin çox xoşuna gəlir” 

 

 

Artıq sosial şəbəkələrin insanlar üçün yaratdığı şəraitdən yararlanaraq, hər kəs bloggerlik edə bilər. Son dövrlər bloggerlik fəaliyyəti ilə məşğul olan gənclərin sayı da artıb. Amma bloggerliklə məşğul olmaq yalnız xüsusi bir səhifə açıb paylaşımlar etməklə yekunlaşmır. Burda da nəzərə alınmalı nüanslar var. Bəs bloggerliklə məşğul olmaq istəyənlərin nələri bilməlidir?

 

 

 
Bu mövzuda 4 ildir ki, bloggerlik fəaliyyəti ilə məşğul olan, həmçinin, sosial mediada faydalı məzmun yaratdığına görə, 2017-ci ilin sentyabrında "Keepface” təşkilatı tərəfindən mükafatlandırılan İlham Əli Yusiflə söhbətləşdik.
 
İ.Ə.Yusif deyir ki, indiki sosial-media dövründə hər birimiz blogger sayılırıq. Müxtəlif məsələlərə öz münasibətimizi bildirir, maraqlı və faydalı məzmun yaradırıq və özümüz də bilmədən bu adı daşıyırıq: "Təbii ki, bəzi insanlar üçün bu, peşəkar məşğuliyyətdir, bəziləri üçün həvəskar işdir. Mən özüm peşəkar olaraq təhsil marketinqi və menecmenti sahəsində çalışıram, indiki vəzifəm də layihə meneceridir. Ancaq bildiyim, öyrəndiyim, araşdırdığım məsələlər haqqında öz fikirlərimi, çıxardığım nəticələri ara-sıra həm öz bloqumda, həm də sosial media səhifələrimdə paylaşıram”.
 

 

Ən sərfəli kredit üçün müraciət et

 

Müsahibimiz deyir ki, klassik yanaşsaq, yazı bloqu daha effektivdir. Xüsusən də, biznes və fərdi inkişaf üzrə. Ancaq səyahət və ya əyləncə sektorundan bloq yaradırsınızsa, bu zaman foto və video daha məqsədəuyğun sayılır: "İndi həm də trendlər dəyişir. İnsanların kütləvi oxumağa həvəsləri azalır. Ona görə də, videolara maraq artmaqdadır. Bəziləri bundan çox effektiv istifadə edirlər. Maraqlı və faydalı video məzmun yaradırlar və insanlar hətta 10 dəqiqəlik videolara belə həvəslə baxırlar. Mətn bloqlarını maraqlı təqdim etməklə, onları da cəlbedici etmək olur. Məsələn, stressi idarə etməyə dair məsləhətlərlə bağlı yazanda, hər məsləhətə uyğun bir foto tapıb yerləşdirməklə, yazını daha da baxımlı etmək olur. Son 2-3 ildə ki, infoqrafika da bloqlarda çox istifadə edilir”. 

 

 
Bloggerin sözlərinə görə, bloq yaradarkən hədəf qrupunu  düzgün müəyyənləşdirib, onlara uyğun nələrdə təqdim etsən, uğura bir qədər yaxın olursan: "Bəzən insanlar uğuru auditoriya sayı ilə ölçür. Əgər baytar həkimlər üçün bloq açıbsınızsa və sizi davamlı olaraq 50 həkim izləyirsə, bu, artıq uğurdur. Əgər böyük şəhərlərə səyahətdən bloq hazırlayırsınızsa və sizin yazılarınızı sadəcə, 50 adam oxuyursa, bu, artıq uğursuzluqdur. Təbii ki, faciə deyil. Demək, elə məzmun yaratmaq lazımdır ki, daha çox insanın diqqətini cəlb etsin. Məsələn, istər mətn, istərsə də video olsun, başlıq çox əhəmiyyətlidir. Eləcə də istifadə olunan fotoların keyfiyyəti, təqdim edilən məlumatların axıcılığı, yumordan istifadə etmək izləyicilərin çox xoşuna gəlir”.
 
İ.Ə.Yusif deyir ki, bloqdan pul qazanmaq mümkündür və bunun yolları çoxdur: "Son illər istənilən konsultasiyada, təlimdə insanlar ideya təqdim edərkən, ilk verdiyim sual bu olur: buradan pulu necə qazanacaqsan? Amma bloqçuluq işinə tam olaraq pul qazanmaq fəaliyyəti kimi baxmıram. Təbii ki, pul qazandıran bir işi insan daha həvəslə görür, ancaq burada müxtəlif nüanslar var. Bəzilərinə texniki biliklərin az olması mane olur, bəzilərinə kifayət qədər təcrübənin olmamağı”.
 
Mənbə: kaspi.az