Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44 % olacaq" | Banco.az

Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44 % olacaq"

Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biri də ölkə əhalisinin, Şəhid ailələrinin, qazilərin və aztəminatlı ailələrin sosial müdafiəsinin və rifah səviyyəsinin gücləndirilməsidir.

Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.

"Son illərdə bu istiqamətdə ardıcıl islahatlar aparılıb, əhalinin sosial müdafiəsi və rifahının yaxşılaşması, sosial ödənişlərin, pensiyaların, əməkhaqlarının artırılması istiqamətində büdcədən əhəmiyyətli vəsait xərclənib. 2027-ci ilin dövlət büdcəsində bütün istiqamətlər üzrə bütövlükdə sosialyönlü xərclərin payı 44% proqnozlaşdırılır", - deyə o qeyd edib.

Bundan başqa, o deyib ki, hökumətin əsas və vacib prioritet xərc istiqaməti kimi dövlət büdcəsində ən böyük xərclərdən biri həmişə olduğu kimi hərbi-müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi xərcləri olacaq: "Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard manat və yaxud xərclərin 21 %-i qədər təşkil edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır".

"Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. 2027-ci ilin dövlət büdcəsində investisiyayönümlü strategiya və dövlət proqramlarının maliyyə təminatı üçün kifayət həcmdə vəsait planlaşdırılır. 2025-ci ildə və 2026-cı ilin ötən dövründə su, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi və turizm sahələrini əhatə edən dövlət proqramları qəbul edilib, həmin istiqamətlər üzrə əsas prioritetlər müəyyənləşdirilib.

Yeri gəlmişkən, sentyabrın 22-də cənab Prezidentin birbaşa sədrliyi ilə keçirilən müzakirələrdən sonra, onun xüsusi önəm verdiyi sahələrdən birini əhatə edən "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı" qəbul olunub. Proqram çərçivəsində metallurgiya sənayesinin dayanıqlı inkişafının təmin edilməsi, yüksək əlavə dəyər yaradan istehsal və ixrac potensialının genişləndirilməsi və qeyri-neft sənayesinin rəqabət qabiliyyətinin artırılması, yeni iş yerlərinin yaradılması əsas istiqamətlər kimi müəyyən edilib. Strategiyanın və bütün sahəvi dövlət proqramlarının uğurlu icrası cənab Prezidentin Hökumət qarşısında qoyduğu sosial-iqtisadi vəzifələrin reallaşdırılmasını təmin etməklə yanaşı, ölkənin uzunmüddətli inkişaf prioritetlərinin həyata keçirilməsi üçün də möhkəm zəmin yaradır", - deyə Ə.Əsədov fikrini tamamlayıb.