Azərbaycanla Belçika ticarət və investisiya tərəfdaşlığını genişləndirir | Banco.az

Azərbaycanla Belçika ticarət və investisiya tərəfdaşlığını genişləndirir

Azərbaycanla Belçika ticarət və investisiya tərəfdaşlığının gücləndirilməsi məqsədilə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) xəbər verir.

Məlumata görə, bununla bağlı müzakirələr AZPROMO-da Belçika nümayəndə heyəti ilə görüşdə aparılıb. 

Nümayəndə heyəti Belçikanın Azərbaycandakı səfiri Culyen de Frepo və Belçika-Azərbaycan Ticarət Palatasının sədri Stef Qoris ilə təmsil olunub.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat verərək bu təşəbbüslərdə Belçika şirkətlərinin iştirak perspektivlərinə toxunub, həmçinin Azərbaycanın ixrac potensialı və Belçika bazarına çıxış imkanlarını qeyd edib.

Culyen de Frepo və Stef Qoris isə Belçikada Azərbaycan biznesi üçün əlverişli şərait yaratmaq, iş adamları arasında əlaqələri gücləndirmək, investisiya qoyuluşunu təşviq etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyini bildiriblər.

Görüşün sonunda tərəflər qarşılıqlı səfərlərin və işgüzar missiyaların təşkil olunmasının əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından vacib olduğunu vurğulayıblar.

report