Azərbaycanda sosial şəbəkə provayderlərinə yeni tələblər qoyulacaq.
Banco.az xəbər verir ki, bunu Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.
Yaşı 16-dan az olan istifadəçilərə hesab yaratmağa imkan verən sosial şəbəkə provayderlərinə birinci dəfə xəbərdarlıq ediləcək. Xəbərdarlıqdan sonra 30 gün ərzində dövlət qeydiyyatına alınma tələbinin yerinə yetirilməməsinə görə provayderə 100 min manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Maliyyə sanksiyasının tətbiq edilməsindən 30 gün ərzində dövlət qeydiyyatına alınma tələbinin yerinə yetirilməməsinə görə provayderə 300 min manat məbləğində əlavə maliyyə sanksiyası tətbiq ediləcək. Azərbaycanda qəbul ediləcək qanunla bağlı sosial şəbəkə platformaları məlumatlandırılıb. Onlar əməkdaşlığa hazır olduqlarını bildiriblər.
