"Azərbaycanda hidrogen istehsalına 2035-ci ildən başlanacaq" | Banco.az

"Azərbaycanda hidrogen istehsalına 2035-ci ildən başlanacaq"

Azərbaycanda hidrogen istehsalına 2035-ci ildən etibarən başlanılacaq.

Bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Yaşıl enerji - Xəzər regionunda potensialının reallaşdırılması” panel müzakirəsində bildirib.

Nazir müavini qeyd edib ki, son illərdə Azərbaycan “yaşıl enerji”yə keçidlə bağlı mühüm sərmayələr yatırır: “Hazırda regionda dörd qarşılıqlı əlaqə layihəsinə start vermişik. Bu layihələr Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarının müxtəlif hissələrini birləşdirərək Avropaya qədər uzanacaq. Xəzər–Qara dəniz–Avropa enerji dəhlizi üzrə texniki-iqtisadi əsaslandırma artıq yekun mərhələdədir”.

Onun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi baxımından böyük bərpaolunan enerji potensialı mövcuddur:
“Bu sahədə beş potensial zonaya sərmayə yatırırıq. Layihələrdə dünyanın müxtəlif enerji şirkətləri iştirak edir. 2030-cu ilə qədər 6 giqavatdan çox "yaşıl enerji"nin istismara verilməsi, bunun 4 giqavatının isə ixrac olunması planlaşdırılır. "Yaşıl enerji"nin ixracı mərhələli yanaşma əsasında Xəzər-Qara dəniz-Avropa dəhlizi vasitəsilə həyata keçiriləcək. Növbəti mərhələdə isə, 2035-ci ildən başlayaraq hidrogen istehsalına start veriləcək”.