Bu ilin yanvar-mart aylarında Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 3,3 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 26,5 % çoxdur.
3 ayda kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,05 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 12 milyard 48,9 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 24,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 663 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,7 %, idxal isə 52,6 % artıb.
Son nəticədə xarici ticarətdə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,1 dəfə azdır.