Avtomobil nəhəngi 50 min işçisini ixtisar edəcək | Banco.az

Avtomobil nəhəngi 50 min işçisini ixtisar edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Alman nəhəngi  "Volkswagen Group" 2030-cu ilə qədər  təxminən 50 min iş yerinin ixtisar ediləcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, "Audi", "Bugatti", "SEAT", "Škoda" və "Porsche" kimi brendləri özündə birləşdirən şirkət qlobal bazarda tələbin zəifləməsi və artan xərclər səbəbindən bu planı illik fəaliyyət hesabatında rəsmiləşdirib.

Mənfəət marjasının kəskin azalmasından sonra alman avtomobil istehsalçısı strateji hədəflərini yeniləyərək 2030-cu ilə qədər Almaniyadakı əməliyyatlarda çalışan təxminən 50 min nəfərin tədricən ixtisar ediləcəyini bildirib.

Şirkətin məlumatına görə, ixtisarların böyük hissəsi – təxminən 35 min nəfər – Volkswagen-in əsas minik avtomobilləri bölməsində baş verəcək. Bu qərar əvvəllər fərdi brendlərlə bağlanan kollektiv müqavilələr çərçivəsində də müzakirə olunmuşdu.

Digər tərəfdən, qrupun bəzi brendləri də ayrıca ixtisar planları həyata keçirəcək. Belə ki, 2029-cu ilə qədər "Audi" şirkətində 7500, "Porsche" şirkətində isə müvəqqəti işçilər də daxil olmaqla 3900 vəzifənin ləğv olunması planlaşdırılır.

Şirkət bildirib ki, ixtisarların əsas hissəsi məcburi işdən çıxarma yolu ilə deyil, erkən təqaüd təşviqləri və kompensasiya paketləri vasitəsilə könüllü şəkildə həyata keçiriləcək.

Plan çərçivəsində qrupun proqram təminatı üzrə törəmə şirkəti olan "Cariad" də daxil olmaqla müxtəlif struktur dəyişiklikləri aparılacaq. Bu addımlar illik 15 milyard avro qənaət planının bir hissəsidir.