İrana qarşı əməliyyatların ilk iki günü ABŞ-yə milyardlara başa gəldi | Banco.az

İrana qarşı əməliyyatların ilk iki günü ABŞ-yə milyardlara başa gəldi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ ordusu İrana qarşı həyata keçirdiyi hücumların ilk iki günündə milyardlarla dollar dəyərində sursat istifadə edib.

Bancp.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Məlumata görə, məsələ ilə tanış olan üç amerikalı rəsmi bildirib ki, əməliyyatların ilk iki günü ərzində ABŞ ordusu ümumilikdə 5,6 milyard dollar dəyərində sursatdan istifadə edib.

Rəsmilər qeyd ediblər ki, bu rəqəm kifayət qədər yüksəkdir və əməliyyatların maliyyə detalları artıq bazar ertəsi günü ABŞ Konqresinə təqdim olunub.

Hesabatda bildirilir ki, bu xərclər Donald Tramp administrasiyasının İran siyasəti ilə bağlı tənqidlərin artdığı bir dövrdə açıqlanıb və Konqresdə əlavə narahatlıq yarada bilər. Qeyd olunur ki, əgər administrasiya İran əməliyyatlarını davam etdirmək üçün Konqresdən əlavə maliyyələşdirmə tələb edərsə, bu yüksək xərclər müzakirələri daha da gərginləşdirə bilər.

Rəsmilər ABŞ ordusunun hansı konkret silah sistemlərindən istifadə etdiyini açıqlamayıblar. Bununla belə, qısa müddət ərzində çox sayda qabaqcıl silah və sursatın intensiv şəkildə tətbiq olunduğu bildirilib.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp və ölkənin müdafiə naziri Pete Hegseth daha əvvəl açıqlamalarında Amerika ordusunun sursat çatışmazlığı yaşamadığını və İrana qarşı əməliyyatları istədikləri müddət ərzində davam etdirə biləcəklərini vurğulamışdılar.