Mərkəzi Banka (AMB) xüsusi tənzimləmə rejimində iştirakla bağlı ilk mərhələnin yekunu olaraq ümumilikdə 14 müraciət daxil olub.
Bu barədə AMB- dən bildirilib. Qeyd edilib ki, daxil olan müraciətlər virtual aktivlər, kreditləşmə, eləcə də sığorta və maliyyə bazarlarının digər sahələri üzrə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlıdır.
"Hazırda Mərkəzi Bank tərəfindən müraciətlərin ilkin qiymətləndirilməsi prosesi başlayıb. Növbəti mərhələdə müraciətlərə baxılması və yekun qiymətləndirmənin həyata keçirilməsi nəzərdə tutulub. Bu mərhələdə müraciətlərin tələblərə uyğunluğu baxımından dəyərləndirilməsi aparılacaq və yekun qərar qəbul olunacaqdır" - AMB-dən əlavə edilib.
Xatırladaq ki, xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi üzrə tədbirləri özündə cəmləyən qaydalar toplusudur. Bu rejimin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcəkdir. Xüsusi tənzimləmə rejimi meyarlarına uyğun gələn və sınağı uğurla başa çatdıran innovativ məhsulların maliyyə bazarlarında tətbiqi nəzərdə tutulub.
Xüsusi tənzimləmə rejiminin istehlakçıların hüquqlarının qorunması, maliyyə sektorunda formalaşa bilən potensial risklərin effektiv idarə edilməsi və ümumilikdə maliyyə sisteminə inamın yüksəldilməsi istiqamətinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir.