Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalara əməl etməyən ölkələr dollar sisteminə çıxış imkanını itirmək riski ilə üzləşəcək.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə naziri Skott Bessent mətbuat konfransında bildirib.
Bessent ABŞ-ın İrana qarşı yeni sektor məhdudiyyətlərinin konkret olaraq nə vaxt qüvvəyə minəcəyini açıqlamayıb. O, Vaşinqtonun sanksiyaları dərhal tətbiq etməməsinin səbəbini izah edərkən qlobal maliyyə sisteminə mümkün təsirlərə diqqət çəkib.
Bessent ABŞ administrasiyasının müəyyən müddət gözləməyə hazır olduğunu qeyd edib. Bununla belə, o, digər ölkələrə Vaşinqtonun mövqeyinin ciddi olduğunu və ikinci dərəcəli sanksiyaların güclü vasitə sayıldığını xatırladıb.
ABŞ Maliyyə naziri bildirib ki, Vaşinqton hazırkı açıqlamalarını həm xəbərdarlıq, həm də digər ölkələr üçün ABŞ-ın gözləntilərinin nədən ibarət olduğunu göstərən mesaj kimi qiymətləndirir.
ABŞ-ın bu mövqeyi İrana qarşı sanksiyaların yalnız birbaşa İran şirkətləri və qurumlarına deyil, Tehranla əməkdaşlıq edən üçüncü ölkələrə də ciddi maliyyə təzyiqi yarada biləcəyindən xəbər verir.
