2013-cü ildən etibarən, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən keçirilən müsabiqədə “Nağdsız Ödənişlər üzrə Lider Bank” nominasiyasında Bank of Baku liderliyini qoruyub saxlamaqdadır.
Ölkədə nağdsız əməliyyatların həcminin artırılması, eləcə də müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi məqsədilə Mərkəzi Bank son 3 il ərzində mütəmadi olaraq müxtəlif müsabiqələr təşkil edir. Həyata keçirilən müsabiqə çərçivəsində bu il aşağıda qeyd olunan 5 nominasiya üzrə bankların fəaliyyəti qiymətləndirilmiş və daha aktiv olanlar seçilərək mükafatlandırılmışdır:
- Nağdsız ödənişlər üzrə lider bank
- Elektron bankçılıq xidmətlərində lider bank
- Elektron ticarətin inkişafında lider bank
- Təmassız ödəniş kartları üzrə lider bank
- Təmassız POS-terminal infrastrukturu üzrə lider bank
Müsabiqənin öncəki illərində olduğu kimi, Mərkəzi Bank, bu il də Bank of Baku-nun 2015-ci il ərzində fəaliyyətini yüksək qiymətləndirərək “Nağdsız Ödənişlər üzrə Lider Bank” nominasiyasında Bankı 1-ci yerə layiq görüb. Bununla yanaşı, Bank of Baku “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyasında 2-ci yerə layiq görülməklə, qaliblər sırasında yer alıb.
Bankın “Alternativ Satışlar və İnkişaf Departamenti”nin direktoru Anar Abbasov, Mərkəzi Bankın ölkədə nağdsız ödənişlərin, eləcə də elektron bankçılığın inkişafı və tətbiqinin daha da genişləndirilməsi istiqamətində apardığı siyasətə uyğun olaraq, Bank of Baku-nun bu istiqamətdə fəaliyyətini növbəti illərdə daha da təkmilləşdirəcəyini, müştərilərə nağdsız əməliyyatlardan və elektron bankçılıq xidmətindən istifadənin stimullaşdırılması üçün yeni imkanlar qazandıracağını vurğulayıb.
“Hal-hazırda, müştərilərimizə 24/7 rejimində bank xidmətləri göstərəcək Elektron Bankçılıq kompleksinin yaradılması üçün çalışırıq. Bu kompleks vasitəsilə müştərilərə bankomatların, elektron ödəniş terminallarının, elektron kommersiya üzrə xidmətlərin (online alış-veriş və digər ödənişlər), Mərkəzi Məlumat xidmətinin (Call-Centre), İnternet Banking, Mobil Banking, SMS-Banking vasitəsilə xidmətlərin daha geniş çeşiddə göstəriləcəyini” qeyd edən cənab A. Abbasov, Bankın bu sahədə mövqeyini daha da möhkəmləndirmək niyyətində olduğunu bildirib.