Bu ilin ilk rübündə Azərbaycanın zərgərlik məhsulları ixracı 47 faiz artıb.
Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən "Azerbaijan Jewelry Show" sərgisinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, zərgərlik sənayesi Azərbaycanın iqtisadiyyatı və ixracı üçün mühüm əhəmiyyət daşıyır.
“Zərgərlik sahəsi istehsal və ixracımıza əlavə dəyər qazandırdığı üçün bu sənayenin dəstəklənməsi bizim üçün çox vacibdir. Bu ilin ilk rübündə Azərbaycanın zərgərlik məhsulları ixracı əhəmiyyətli dərəcədə artıb. Artım 47 faiz təşkil edib. Bu göstərici iqtisadiyyatımız üçün olduqca önəmlidir”, – deyə o qeyd edib.
T.Hacılı vurğulayıb ki, “Azerbaijan Jewelry Show” sərgisi Azərbaycan zərgərlik sənətinin ölkənin mədəniyyəti və ənənələrinin bir hissəsi kimi tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
O əlavə edib ki, açılış mərasimindən sonra qonaqlar üçün sərgi üzrə bələdçili tur təşkil olunacaq və iştirakçılar Azərbaycan zərgərlik sənayesi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
AZPROMO rəsmisi, həmçinin tədbirdə iştirak edən türkiyəli tərəfdaşlara təşəkkürünü bildirib.
“Bu, ilk zərgərlik sərgisidir. Növbəti illərdə sərginin daha da genişləndirilməsini planlaşdırırıq. Daha çox beynəlxalq qonaq və şirkətin sərgidə iştirak edəcəyinə inanırıq. Fürsətdən istifadə edərək şirkətlərinizi gələcək sərgilərdə iştirak etməyə dəvət edirəm”, – deyə Tural Hacılı əlavə edib.
Qeyd edək ki, beynəlxalq formatda təşkil olunan “Azerbaijan Jewelry Show” sərgisində Azərbaycan və Türkiyədən zərgərlik sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edirlər.
Sərgidə qiymətli daşlar, qızıl və gümüşdən hazırlanmış zərgərlik məmulatları, külçələr və sikkələr, bijuteriya məhsulları, zərgərlik qablaşdırmaları, eləcə də zərgərlik sənayesi üçün avadanlıq və ləvazimatlar nümayiş etdirilir. (Trend)
