Müəllif: Gülnar Əhmədli, Banco.az
Avropanın istinad təbii qaz bazarı olan Niderlandın TTF platformasında qazın qiyməti son həftələrdə geriləsə də, ekspertlər qış mövsümü ilə bağlı risklərin davam etdiyini bildirirlər.
Banco.az xəbər verir ki, müharibə öncəsi meqavat-saat üçün təxminən 40 avro olan qiymətlər Hörmüz boğazı vasitəsilə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün pozula biləcəyi narahatlığı ilə iyulun sonunda 60 avronu keçmişdi.
Hazırda isə qiymətlər yenidən təxminən 55 avro səviyyəsinə enib. Qiymət artımına Avropanın qış öncəsi qaz anbarlarını doldurmağa çalışdığı dövrdə qlobal LNG təklifinin azalacağı gözləntisi səbəb olub. Xüsusilə Qətərdən LNG tədarükünün ləngiməsi ehtimalı Avropanın Asiya ilə daha sərt rəqabət aparacağı narahatlığını artırmışdı.
Beynəlxalq Enerji Agentliyi (IEA) bildirib ki, ABŞ və İran arasında diplomatik təmasların başlaması və Qətərdən LNG ixracının bərpa olunacağına dair gözləntilər bazardakı riskləri azaldıb. Bununla belə, Energy Aspects şirkəti hesab edir ki, bazar bu xəbərlərə həddindən artıq nikbin reaksiya verib.
Şirkətin qiymətləndirməsinə görə, Avropa üçün əsas risk qışa hansı səviyyədə qaz ehtiyatı ilə daxil olmaqdır. Hazırda Aİ ölkələrinin qaz anbarları ötən illə müqayisədə daha az doludur və mövcud templə qışa qədər anbarların maksimum 75–78% dolacağı gözlənilir ki, bu da sərt qış üçün kifayət qədər təhlükəsizlik ehtiyatı hesab edilmir.
Analitiklər Almaniyanı ən həssas ölkələrdən biri kimi qiymətləndirirlər. Eyni zamanda, Qətərdən Avropaya LNG tədarükünün tam bərpasının ilin son rübündən tez baş verməyəcəyi proqnozlaşdırılır. Bu səbəbdən Avropa yaxın aylarda LNG tədarükündə Asiya ilə rəqabəti davam etdirməli olacaq və qaz qiymətlərində uzunmüddətli sabitləşmədən danışmaq hələ tez hesab edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
