Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər kiçik sahibkarlığa necə təsir edəcək? | Banco.az

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər kiçik sahibkarlığa necə təsir edəcək?

Azərbaycan Milli Məclisində 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil sənədlərdən biri də Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutur.

Layihəyə əsasən, növbəti ilin büdcə sənədləşməsinə əlavə edilmiş sənədlərə əsasən vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğlər 2021-ci il üçün 6 milyard 521,9 milyon manat, 2022-ci il üçün 7 milyard 630,8 milyon manat, 2023-cü il üçün 8milyard 80 milyon manat, 2024-cü il üçün isə əvvəlki il və cari ilin eyni göstəriciləri ilə müqayisədə müvafiq olaraq 731,2 milyon manat və ya 9,6 faiz, 282,0 milyon manat və ya 3,5 faiz çox olmaqla 8 milyard 362 milyon manat təşkil edir.

Dəyişiklik mikro-sahibkarların gəlir vergisinə tətbiq olunan 75 faizlik güzəştin ləğv olunmasını nəzərdə tutur. Yeni qərarın xüsusəndə fərdi mikro-sahibkarların sahibkarlıq subyektlərinin fəaliyyətinə necə təsir edəcəyi ilə bağlı yaranan suallar fonunda Banco.az-a açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənov bildirdi ki, güzəştlərin ləğv edilməsi  inhisarlaşmanı gücləndirə bilər:

“Rəqabət Məcəlləsinin hazırlandığı ərəfədə kiçik sahibkarlara olan bu güzəştlərin aradan götürülməsi mikro-sahibkarlığın inkişafına mənfi təsir edəcəkdir.Bu qərarın vergidən yayınma halları ilə bağlı olduğu əsaslandırılarsa belə , burada elə də böyük məbləğlərdən söhbət gedə bilməz. Bəzi böyük sahibkarların vergidən yayınma hallarına görə, kiçiklərə qarşı tətbiq edilən bu mexanizm onların fəaliyyət dairəsini daha da kiçildəcəkdir. Nəticədə rəqabətə davam gətirə bilməyən mikro-sahibkarlıq subyektləri bazardan çıxmaq məcburiyyətində qala bilər” .

İqtisadçı Rövşən Ağayev məsələyə münasibət bildirərək vurğuladı güzəştlərin ləğv edilməsi ilə bağlı arqumentlərdən biri budur ki, iri dövriyyəsi olan sahibkarlar öz fəaliyyətlərini 3-5 işçisinin adına açdığı VÖEN-ə rəsmiləşdirərək 15 faizlik göydəndüşmə güzəştdən 10 minlərlə vəsait qazana bilir.Bəs yeni mexanizm bu probleməri nə qədər həll edə biləcək?

“Vergidən yayınan və bəhrəsini görənlər üçün 3 nəfər muzdlu işçidən ibarət 2-3 mikro-sahibkar subyekti yaratmaq yenə də problem olmayacaq. Yəni onlar 5 faizlik vergi güzəştindən yenə də bəhrələnəcəklər. Ortada əziyyət çəkən elə mikro-sahibkarlar olacaq. Məsələn, İT mütəxəssisləri, dizaynerlər, araşdırma və tədqiqat xidməti göstərən müxtləif sahə ekspertləri problemlərlə üzləşə bilərlər. Çıxış yolu kimi, spesifik xidmətlər üzrə aylıq və illik dövriyyə müəyyən edilə və onlar işçi sayı əsas götürülmədən 5 faizlik güzəştdən bəhrələnə bilər. Məsələn, aylıq 3000 manat, rüblük 10 000 manat və ya illik 40 000 manat hədd müəyyən edilməsi mümkün çıxış yollarından biri ola bilər”.

Məlumat üçün bildirək ki, Azərbaycanda 1 aprel 2022-ci il tarixinə ə 142 883 mikro-sahibkarlıq subyekti olub. Bu mikro-sahibkarlıq subyektlərinin 65 faizi, yaxud 93 775-i Bakıda, 6.9 faizi, yaxud 11 mini Abşeron-Xızı iqtisadi rayonunda və 6 min 81-i, yaxud 4.3 faizi Lənkəran-Astara iqtisadi rayonunda qeydiyyatdadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram