Səudiyyə Ərəbistanı Trampa 1 trilyon dollar investisiya vəd edib | Banco.az

Səudiyyə Ərəbistanı Trampa 1 trilyon dollar investisiya vəd edib

Müəllif:Mehin Qasımova,Banco.az

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ-a səfəri çərçivəsində Ağ Evdə prezident Donald Trampla görüşüb.

Banco.az xəbər verir ki, Oval kabinetdə keçirilən görüşdən sonra şahzadə iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini bəyan edib.

Bin Salman açıqlamasında bildirib ki, hazırda ABŞ-da yerləşən Səudiyyə sərmayələrinin həcmi 600 milyard dollar təşkil edir və bu rəqəmin yaxın illərdə 1 trilyon dollara qədər artırılması nəzərdə tutulur. Onun sözlərinə görə, imzalanmış yeni müqavilələr texnologiya, süni intellekt, materiallar elmi, maqnit texnologiyaları və bir çox digər strateji sahələrdə çoxsaylı birgə layihələrin başlanmasına imkan yaradacaq.

Vəliəhd şahzadə həmçinin vurğulayıb ki, təsdiqlənən sazişlər yalnız ABŞ-da deyil, Səudiyyə Ərəbistanında da böyük həcmdə yeni iş yerlərinin açılmasına səbəb olacaq. O, iki ölkə arasında tərəfdaşlığın növbəti onilliklərdə daha da güclənəcəyinə inandığını diqqətə çatdırıb.

Məhəmməd bin Salman əlavə edib ki, hazırda strateji prioritetlərdən biri yarımkeçiricilər sənayesidir. Bu sektora ilkin mərhələdə təxminən 50 milyard dollar investisiya yerləşdirilməsi planlaşdırılır. Uzunmüddətli perspektivdə isə sərmayələrin yüz milyardlarla dollara çatması gözlənilir.

Səudiyyə və ABŞ arasında genişlənən əməkdaşlıq həm regional, həm də qlobal iqtisadi proseslərə ciddi təsir göstərə biləcək strateji addım kimi qiymətləndirilir.