2026-cı ildə ən çox qazandıracaq aktiv: Kripto, qızıl, yoxsa istiqrazlar? | Banco.az

2026-cı ildə ən çox qazandıracaq aktiv: Kripto, qızıl, yoxsa istiqrazlar?

Müəllif:Mehin Qasımova,Banco.az

Bank of America-nın son qlobal sorğusu göstərib ki, investorlar 2026-cı ildə ən güclü gəlir potensialını Yapon yeni və qızılda görürlər.

Banco.az xəbər verir ki, sorğuda iştirak edən təxminən 170 böyük fond menecerinin üçdə biri gələn ilin ən sərfəli aktivinin yen olacağını proqnozlaşdırıb.

Bu proqnoz yenin dollar qarşısında hazırkı ilin ən zəif göstəricilərdən birini qeydə almasına baxmayaraq verilir: Yapon valyutası 2025-ci ildə dollar qarşısında cəmi 1% möhkəmlənib və G10 ölkələri arasında ən zəif performans nümayiş etdirib. Buna baxmayaraq, investorlar 2026-cı ildə yenin digər əsas valyutaları geridə qoyaraq kəskin bərpa göstərəcəyi qənaətindədirlər.

Sorğuya görə, gəlirlilik potensialına görə yenin ardınca qızıl və ABŞ dolları gəlir. Qızıl bu il geosiyasi gərginliklər, ticarət riskləri və mərkəzi bankların rekorda yaxın alış həcmləri fonunda yeni tarixi zirvələr görüb. ABŞ dolları isə prezident Donald Trampın iqtisadi siyasətləri ilə bağlı qeyri-müəyyənlik səbəbindən dəyərinin 7%-ni itirərək 2017-ci ildən bəri ən zəif illik performansını göstərib.

Siyahının sonuncu pilləsində isə Britaniya funt sterlinqi yer alıb – sorğuda iştirak edən menecerlərin cəmi 3%-i onu 2026-cı ilin ən gəlir gətirən aktivləri sırasında görür.

Ekspertlərə görə, yenin gözlənilən bərpası Yaponiya Bankının monetar siyasəti və ABŞ iqtisadiyyatının gələn ilki dinamizmi ilə bağlı dəyişən proqnozlarla sıx əlaqələndirilir.