Müəllif: Gülnar Əhmədli, Banco.az
UEFA FIFA prezidenti Canni İnfantinonun Dünya Kubokundakı payların özəl investorlara satılmasını nəzərdə tutan planına etiraz edib.
Banco.az xəbər verir ki, İngiltərənin The Times qəzetinin məlumatına görə, İnfantinonun Dünya Kuboku ilə bağlı payları özəl investorlara satmağı planlaşdırdığı və bu məqsədlə ABŞ Prezidenti Donald Tramp administrasiyasına yaxın şəxslərlə investor görüşləri keçirdiyi iddia olunur.
UEFA isə belə bir planın futbol üçün “dağıdıcı təsir” yarada biləcəyini bildirib.
UEFA açıqlamasında futbolun idarəetmə qurumlarının keçməməli olduğu bir sərhədin aşılacağını vurğulayıb. Qurumun sözlərinə görə, futbolun ruhu və idarəçiliyi, xüsusilə də maliyyə qazancının kimə çatacağı ilə bağlı şəffaflıq olmadan alınıb-satılan aktivə çevrilməməlidir. UEFA qeyd edib ki, “heç birimiz futbolun sahibi deyilik və bu, FIFA-nın sata biləcəyi bir şey deyil”.
İddialara görə, plan çərçivəsində FIFA-nın əsas kişi və qadın turnirləri olan Dünya Kuboku və Klublararası Dünya Kubokunu idarə edəcək yeni şirkətin yaradılması nəzərdə tutulur.
Məlumata görə, İnfantino FIFA-ya üzv olan 211 milli federasiyanın hər birinə təxminən 20 milyon dollar dəyərində pay verməyi planlaşdırır. Federasiyalar bu payları özlərində saxlaya və ya gəlir əldə etmək üçün sata bilərlər.
Mənbələr həmçinin iddia edir ki, İnfantino FIFA prezidentliyində son müddəti başa çatdıqdan sonra yaradılacaq yeni şirkətə “komissar” vəzifəsində rəhbərlik etməyə hazırlaşır.
Bizi sosial şəbəkələrdən izləyin!!
