Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə külək enerjisi istehsalı rekord vurub.
Banco.az xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi küləkdən elektrik enerjisi istehsalının 3 yanvar tarixində 259 min 76 meqavat-saatla gündəlik əsasda bütün zamanların ən yüksək səviyyəsinə çatdığını açıqlayıb.
Nazirlik tərəfindən yayımlanan açıqlamada bildirilib ki, bərpa olunan enerji sahəsində qırılan rekordlara 2026-cı ilin ilk günlərində yenisi əlavə olunub. Bu çərçivədə, küləkdən elektrik enerjisi istehsalının 3 yanvarda 259 min 76 meqavat-saatla indiyədək qeydə alınan ən yüksək gündəlik istehsal səviyyəsinə çatdığı qeyd edilib.
Açıqlamada həmçinin vurğulanıb ki, ilin ilk həftəsində külək enerjisindən istehsal olunan ümumi elektrik həcmi nəzərəçarpacaq dərəcədə artıb və bu dövrdə istehsal edilən elektrik enerjisinin təxminən dörddə biri külək elektrik stansiyalarının payına düşüb.
Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin artan bərpa olunan enerji üzrə quraşdırılmış gücü ilə yeni rekordlara imza atdığını bildirərək, “2026-cı ilə də rekordla başladıq. Küləkdən elektrik enerjisi istehsalı 3 yanvar tarixində 259 min 76 meqavat-saatla gündəlik əsasda ən yüksək istehsal göstəricisinə çatdı” deyə qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
