İsti hava dalğaları İngiltərə iqtisadiyyatına 4,4 milyard funt sterlinqə başa gəlib | Banco.az

İsti hava dalğaları İngiltərə iqtisadiyyatına 4,4 milyard funt sterlinqə başa gəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsti hava dalğaları İngiltərə iqtisadiyyatına 4,4 milyard funt sterlinqə başa gəlib.

Banco.az xəbər verir ki, “Verdant” beyin mərkəzinin apardığı təhlilə görə, İngiltərədə isti hava dalğaları may ayında başlayıb və iyulun sonunadək ümumilikdə dörd isti hava dalğası müşahidə olunub.

İsti hava dalğalarının ölkə iqtisadiyyatına vurduğu zərərin may ayında 510 milyon funt sterlinq, iyunda 2,36 milyard funt sterlinq, iyulda isə 1,5 milyard funt sterlinq olduğu təxmin edilir.

İsti hava dalğaları nəticəsində yaranan istehsal itkiləri sözügedən iqtisadi zərərə səbəb olub. İtkilər əsasən ölkənin cənub-şərqində, Londonda və bəzi digər bölgələrdə qeydə alınıb.

Təhlilə əsasən, həddindən artıq isti havaya qarşı lazımi tədbirlər görülmədiyi və isti hava dalğalarının daha da şiddətləndiyi təqdirdə, bu cür hadisələrin səbəb olduğu iqtisadi itkilərin 2030-cu ilədək 25,6 milyard funt sterlinqə çata biləcəyi hesablanır.

İngiltərədə bu həftə ilin beşinci isti hava dalğası müşahidə olunur. Sabah temperaturun 36-37 dərəcəni keçəcəyi proqnozlaşdırılır.

Bu həftə həmçinin “İngiltərə Ətraf Mühit Agentliyi” ölkə ərazisinin 71,3 faizi üçün rəsmi olaraq quraqlıq elan edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram