Müəllif: Tamara Mustafayeva, Banco.az
Arabika qəhvəsinin qiyməti Nyu-York birjasında son beş həftənin ən aşağı səviyyəsinə enib.
Banco.az xəbər verir ki, qiymət enişinə ABŞ Prezidenti Donald Tramp administrasiyasının qəhvə dənələrinə tətbiq edilən tarifləri yaxın zamanda azalda biləcəyi barədə verdiyi siqnallar təsir edib.
Fyuçers müqavilələri cümə axşamı günü 1,5 faizədək azalıb, halbuki çərşənbə günü 5,7 faizlik enişlə bağlanmışdı. Bu, sentyabrın ortalarından bəri qeydə alınan ən kəskin gündəlik azalma olub.
Tramp çərşənbə axşamı gecə verdiyi açıqlamada qəhvə qiymətləri ilə bağlı suala “Bəzi tarifləri azaldacağıq” cavabını verib. ABŞ Maliyyə naziri Skott Bessent də oxşar istiqamətdə bəyanatlar səsləndirib.
Xüsusilə dünyanın ən böyük qəhvə istehsalçısı Braziliyaya tətbiq edilən tariflər dənə axınını yavaşladaraq ABŞ-lı alıcılarla Latın Amerikalı satıcılar arasında ticarəti demək olar ki, dayanma nöqtəsinə gətirmişdi. Bu vəziyyət əlverişsiz hava şəraiti ilə bağlı narahatlıqlarla birləşincə, ötən ay Arabika fyuçerslərinin qiymətlərini rekord səviyyələrə yüksəltmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
