Bakıdakı “Uber” adını dəyişir | Banco.az

Bakıdakı “Uber” adını dəyişir

Azərbaycanda taksi sifarişi xidmətləri göstərən “Uber AZ” platforması adını dəyişərək “Heetch AZ” brendi ilə fəaliyyətini davam etdirəcək.

Banco.az xəbər verir ki, dəyişiklik həm “Apple App Store”, həm də “Google Play” platformalarında əksini tapıb. Tətbiqin açıqlamasında “Uber AZ”ın artıq “Heetch” adlandığı, lakin əvvəlki xidmətlərin davam etdirildiyi bildirilir. Ad dəyişikliyinə baxmayaraq, tətbiqin əvvəlki texniki identifikatoru saxlanılıb. Bəzi köhnə vizual materiallarda “Uber AZ” loqosu hələ də görünsə də, “Google Play”də artıq yeni “H” nişanı istifadə olunur.

Dəyişiklik hələlik tətbiqin kommersiya adı ilə bağlıdır. Azərbaycanda taksi operatoru kimi fəaliyyət göstərən hüquqi şəxsə dair yeni ad dəyişikliyi açıqlanmayıb. Baş Prokurorluğun 2025-ci ilin iyununda yaydığı rəsmi məlumatda şirkətin hüquqi adı “Ridetech” MMC, əvvəlki adı isə “Uber Azərbaycan” MMC kimi göstərilib.

“Google Play” məlumatlarına əsasən, tətbiqin tərtibatçısı “WIND Mobility”dir. Platforma sərnişinlərə “Standard”, “Comfort”, “Smart”, “Premium” və “Express” kateqoriyalarında taksi sifarişi imkanı təqdim edir. Tətbiqdə nağd və kartla ödəniş, səfərin izlənilməsi və digər funksiyalar mövcuddur.

Qeyd edək ki, ABŞ-ın “Uber Technologies” şirkəti Azərbaycan bazarına 2015-ci ilin aprelində daxil olub. İlk vaxtlarda Bakıda “UberBLACK” premium taksi xidməti fəaliyyət göstərib, daha sonra isə münasib qiymətli “uberX” kateqoriyası istifadəyə verilib.

2017-ci ildə “Uber” və Rusiyanın “Yandex” şirkəti Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə taksi sifarişi bizneslərini birləşdirmək barədə razılığa gəliblər. Sövdələşmə 2018-ci ilin fevralında tamamlanıb. Bununla da Azərbaycandakı “Uber” fəaliyyəti iki şirkətin ortaq biznes strukturuna daxil edilib.

Sonrakı illərdə “Yandex” bu biznesdə iştirak payını artırıb. 2023-cü ilin aprelində şirkət “Uber”in birgə müəssisədə qalan 28,98 faizlik payını 702,5 milyon dollara alıb. Beləliklə, “Uber” həmin ortaq biznesdəki iştirakını tam dayandırıb.