Tramp Yaponiyanın çip istehsalına 21 milyard dollarlıq investisiya qoyacağını açıqladı | Banco.az

Tramp Yaponiyanın çip istehsalına 21 milyard dollarlıq investisiya qoyacağını açıqladı

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp Yaponiyanın iştirakı ilə Nyu-York ştatında iki yeni yarımkeçirici istehsalı müəssisəsinin tikintisi üçün 21 milyard dollara qədər investisiya planını açıqlayıb.

Banco.az  xəbər verir ki, layihələr ABŞ-ın Nyu-York ştatının Malta şəhərində həyata keçiriləcək və GlobalFoundries şirkəti tərəfindən idarə olunacaq.

Trampın sözlərinə görə, investisiyanın tikinti və təchizat zənciri sahələrində 27 min, qabaqcıl texnologiya istehsalında isə 1000-dən çox iş yeri yaratması gözlənilir.

ABŞ Prezidenti bildirib ki, layihə ölkənin yarımkeçirici istehsalı imkanlarının genişləndirilməsinə, sənaye infrastrukturunun gücləndirilməsinə və iqtisadi təhlükəsizliyin artırılmasına xidmət edəcək.

Bundan əlavə, Tramp ABŞ Ticarət Nazirliyinin GlobalFoundries ilə bağlı silikon fotonika, silikon-germanium və qabaqcıl qablaşdırma texnologiyalarına 955 milyon dollar həcmində əlavə investisiya yatıracağını açıqlayıb.

Onun sözlərinə görə, bu məbləğlə birlikdə ümumi investisiyalar 1,63 milyard dollara çatır, ABŞ hökumətinin şirkətdəki payının dəyəri isə 2 milyard dolları ötür.

GlobalFoundries də ABŞ-Yaponiya birgə təşəbbüsü çərçivəsində Nyu-Yorkda tikiləcək iki yeni yarımkeçirici müəssisəsi üçün texnologiya təminatçısı və operatoru seçildiyini təsdiqləyib.