Torpaq alıb ev tikmək daha sərfəlidir, yoxsa hazır ev almaq? – Ekspert açıqladı | Banco.az

Torpaq alıb ev tikmək daha sərfəlidir, yoxsa hazır ev almaq? – Ekspert açıqladı

Son zamanlarda evlərinin qiymətinin artması ev almaq istəyən şəxslər arasında sual yaradıb. Hazır mənzil almaq daha sərfəli olar, yoxsa torpaq alıb ev tikdirməkmi? Bəziləri düşünür ki, hazır ev almaqdansa, materialları alıb tikdirmək daha ucuza başa gələr. 

Əmlak üzrə ekspert Anar Nəsirov Banco.az-a bildirib ki, torpağı özün alıb ev tikdirsən, bu həm maddi baxımdan daha uyğun olar, həm də istədiyin layihəni, istədiyin evi, istədiyin çertyoju seçə bilərsən:

"Yəni ürəyində, xəyalında olan evi tikdirməyə nail olarsan. Bu baxımdan çox yaxşıdır.

Amma burada bir nüans var: Mütləq çıxarışı, yəni kupçası olan torpaq almaq lazımdır. Çünki hazırkı vəziyyətdə çıxarışı olmayan evlərin tikintisinə və kommunal xidmətlərin qoşulmasına heç bir icazə verilmir. Çıxarışı olmayan torpaqda ev tikə bilərsən və ya hər hansı bir tikili inşa edə bilərsən, amma bu zaman kommunal xidmətlərdən istifadə edə bilməyəcəksən və ya onlara qoşulmaq çox çətin olacaq.

Hazır ev almağa gəlincə, bunun da bir neçə mənfi tərəfi var. Layihə ürəyincə olmaya bilər, təmir xoşuna gəlməyə bilər, evin sxemi və ya yerləşdiyi yer istədiyin kimi olmaya bilər. Amma torpaq alarkən bütün bu məsələləri kağız üzərində dəyişmək daha asandır. Layihəni dəyişərək, xəyalındakı evi və ya istədiyin formada, istədiyin layihədə evi tikə bilərsən.

Hazır ev alarkən isə çox vaxt bilmirsən ki, bu ev necə tikilib, fundamenti var, yoxsa yoxdur. Bəzi işbazlar fundamentsiz evlər tikirlər. Aşağıda fundament əvəzinə daş hörüb, daşın üzünü sıvayaraq onun fundament kimi görünməsini təmin edirlər. Guya fundament var, amma əslində fundament deyil".

Ekspert bildirib ki, normal tikilmiş evlər də var: "Sadəcə yaxşı evi tapmaq çox çətindir. Bir də ki, insanlar hazır ev alarkən mütləq çıxarışlı evlərə üstünlük verməlidirlər. Çıxarışlı evlər bahadır, çünki rəsmi olaraq alqı-satqı addan-ada keçirilir. Çıxarışı olmayan evlərdə isə heç bir rəsmi alqı-satqı olmadığı üçün gələcəkdə ciddi problemlər yarana bilər.

Məsələn, bu gün sən birinə pul verib kupçasız ev aldınsa, kommunalları adına keçirdinsə belə, bu ev hüquqi baxımdan sənin sayılmır. Gələcəkdə bunun ciddi hüquqi problemləri ortaya çıxa bilər. Xəbər saytlarında tez-tez rast gəldiyimiz hallardır: Kimsə 10–15 il əvvəl evini satıb, amma rəsmi alqı-satqı etməyib və bu gün çıxıb tələb edir ki, bu evdən çıxın, ev mənimdir.

İnsanların gələcəkdə bu cür hallarla rastlaşmamaları üçün yalnız çıxarışlı ev almaları çox vacibdir. Çıxarışlı evlər rəsmi şəkildə satılır, digər sənədlərlə alınan evlər isə gələcəkdə hüquqi baxımdan risklidir. Əgər evi satan adam normal biri olmazsa və ya dələduz çıxarsa, bu, gələcəkdə həmin evin itirilməsinə və ya əlavə pul tələb olunmasına qədər gedib çıxa bilər".

"Ona görə də mən deyərdim ki, əgər insanlar özləri ev tikmirlərsə, mütləq çıxarışlı, kupçalı evlər alsınlar. Ev alarkən də içinin boyasına, təmirinə yox, daha çox tikilişinə diqqət etsinlər: Ev tək daşdır, yoxsa cüt daşdır, fundamenti varmı, yoxmu. Elə yerlər var ki, pəncərələrin qabağını cüt daşla tikirlər, xərc az olsun deyə isə pəncərə olmayan tərəfləri tək daşla hörürlər. Bunlara mütləq diqqət edilməlidir.

Xüsusən fundament məsələsi çox vacibdir. Fundamentə beton tökülübmü, armatur qoyulubmu bunları yoxlamaq lazımdır. Fundamentin dibini qazaraq üzərindəki suvaq qatını bir az sındırıb betona baxmaq olar. Betonun içində armaturun olub-olmadığını da yoxlamaq lazımdır. Çünki fundamentsiz evlərdə torpaq nəmişlik olarsa, qrunt suları olarsa, bu evlər gələcəkdə çatlaya, hətta dağılma təhlükəsi yarada bilər. Bu isə insan həyatı üçün çox təhlükəlidir.

Buna görə konkret olaraq həm keyfiyyət baxımından, həm zövq baxımından, həm təmirin yaxşılığı baxımından, həm sənədlərin düzgün olması, həm də ki, maliyyə baxımından çıxarışı olan torpaq alıb qanuni olaraq ev tikmək daha sərfəlidir", - ekspert əlavə edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram